"Siyasi Partiyalar haqqında" yeni qanun layihəsi və siyasi baxışlar

Milli Məclisin rəsmi internet saytında "Siyasi Partiyalar haqqında" yeni qanun layihəsi dərc edilib.

Sənəd müxalifətdə olan siyasi partiyalar tərəfindən tənqidlə qarşılansa da, iqtidar partiyası onun demokratiyaya xidmət etdiyini bildirir.

Sənədə əsasən, dövlət qeydiyyatından keçən partiyaların azad fəaliyyəti təmin edilir. Qarşısına konstitusiya quruluşunun zorla dəyişdirilməsi və hakimiyyətin ələ keçirilməsi məqsədi qoyan, ölkənin ərazi bütövlüyünü pozan, kütləvi iğtişaşlara, terrorçuluğa, dini ekstremizmə çağırış edən, irqi, dini, cinsi, etnik ayrı-seçkilik və ədavəti, sağlamlığa və ətraf mühitə qarşı yönəlmiş hərəkətləri təbliğ edən siyasi partiyaların yaradılmasına yol verilmir. Dövlət qeydiyyatından keçməyən siyasi partiyaların fəaliyyət göstərməsinə icazə verilmir.

Siyasi partiya son 20 il ərzində daimi olaraq Azərbaycanda yaşayan ən az 200 vətəndaş tərəfindən təsis edilə bilər. Təsis qurultayında bu vətəndaşlar şəxsən iştirak etməlidirlər.

Partiyanın dövlət qeydiyyatına alınması üçün ən az 10 min üzvü olmalıdır. Partiya üzvlərinin siyahısı dövlət reyestrinə daxil edilməsi üçün təqdim edilməlidir. Reyestrə dəyişikliklər ildə iki dəfə - yanvarın 15-nə qədər və iyulun 15-nə qədər təqdim edilməlidir. Partiyalar parlament, prezident və bələdiyyə seçkilərində ardıcıl olaraq iki dəfə iştirak etmədiyi təqdirdə dövlət qeydiyyatından məhrum edilə bilər.

Üzvlərin siyasi partiyaya il ərzində ödədiyi üzvlük haqlarının yuxarı həddi 10000 manatdan artıq ola bilməz. Üzvlük haqqının məbləğindən artıq ödənişlər ianə hesab edilir.

Partiyalar dövlət büdcəsindən də maliyyələşdiriləcək. Bu zaman vəsaitin 5 faizi irəli sürdüyü namizədlər Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional bölünür;

- vəsaitin 40 faizi Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan siyasi partiyalar arasında bərabər bölünür;

- vəsaitin 50 faizi Milli Məclisdə siyasi partiyaları təmsil edən deputatların sayına uyğun olaraq proporsional qaydada siyasi partiyalara ayrılır;

- vəsaitin 5 faizi Milli Məclisə keçirilmiş təkrar və əlavə seçkilər nəticəsində, həmçinin fəaliyyətdə olan deputatların partiya mənsubiyyətinin yaranması (dəyişməsi) ilə əlaqədar Milli Məclisdə təmsil olunan yeni siyasi partiyalara ayrılır.

Qanun qəbul edildikdən sonra 90 gün ərzində partiyalar öz say tərkibini yeni normalara uyğunlaşdırmalı, yəni üzv sayını 10 min nəfərə çatdırmalıdır.

Qeyd edək ki, Azərbaycanda hazırda qüvvədə olan "Siyasi Partiyalar haqqında" qanun 1992-ci ildə qəbul edilib. Bu qanuna əsasən, partiyanın qeydiyyatı üçün 1 min üzv kifayət edir. Eyni zamanda, hazırkı qanun dövlət qeydiyyatından keçməyən partiyaların fəaliyyətini qadağan etmir.

Qanun layihəsini dərc edən Milli Məclis onun təşəbbüskarının hansı orqan olduğunu və yeni qanunun qəbul edilməsi zərurətinin səbəblərini açıqlamır.

Azərbaycanın müxalifətdə olan siyasi partiyaları yeni qanun layihəsinin ölkədə demokratiyanın daha da məhdudlaşdırılmasına yönəldiyini bildirib. Bununla yanaşı, iqtidar partiyası tam əksini düşünür.

Seymur Həzi

"Sənəd mürtəce xarakter daşıyır və ölkədə siyasi fəaliyyətin məhdudlaşdırılmasına yönəlib" , Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Seymur Həzi belə hesab edir.

"İlk növbədə, bu, partiya təsisçilərinin mütləq son 20 il ərzində ölkə ərazisində yaşaması tələbidir. Bir halda ki, prezidentliyə namizəd üçün bu hədd cəmi 10 il təşkil edir," Seymur Həzi Amerikanın Səsinə bildirib.

"Bu norma müəyyən müddət təhsil, elmi fəaliyyət, biznes məqsədilə xaricdə yaşayan şəxslərin siyasi həyatda fəal iştirakdan kənarlaşdırılmasına yönəlib. Eyni zamanda, partiya üzvlərinin siyahısının dövlət reyestrinə təqdim edilməsinin icbariliyi haqqında norma mürtəce xarakter daşıyır, belə ki, bu, müxalifət üzvlərini təqib etməyə imkan verir. Dövlət qeydiyyatı olmayan siyasi partiyaların fəaliyyətinin yolverilməz olması haqqında norma da məhdudlaşdırıcıdır, çünki bu, birləşmək azadlığını məhdudlaşdırır. Qanun layihəsi faktiki olaraq Azərbaycanda ÇXR modeli üzrə birpartiyalı sistemin qurulmasına yönəlib" - deyə, Seymur Həzi qeyd edib.

İqtisadçı ekspert Natiq Cəfərli

"Respublikaçı Alternativ" Partiyasının siyasi komitəsinin üzvü Natiq Cəfərli qanun layihəsini tamamilə qəbuledilməz adlandırıb.

"Belə ki, partiyaların fəaliyyəti sərt rəqəmlərə bağlı normalara tabe tutulur, sanki söhbət hansısa istehsalat müəssisələrinin tənzimlənməsindən gedir. Partiyaların fəaliyyəti rəqəmli göstəricilər və partiya üzvlərinin sayı ilə deyil, ideologiya, dünyagörüşü ilə müəyyən edilməlidir. Partiyaların qeydiyyatı onların say tərkibi ilə əlaqələndirilməməlidir. Partiyaların cəmiyyətdəki mövqeyini seçkilərdə yığılan səslərin sayı müəyyən edir" , Cəfərli Amerikanın Səsinə bildirib.

Məsələn, ABŞ-da demokratların və respublikaçıların rəsmi üzvlərinin sayı çox deyil, amma seçkilərdə onlar 70-80 milyon səs yığır. Amerikada partiyaya maliyyə yardımı göstərmək startegiya üzvlük kimi qəbul edilir. Böyük Britaniyada 55 funt ianə ilə partiya üzvü olmaq və səsvermədə iştirak etmək olar.

Cəfərli hesab edir ki, qanun layihəsi bu formada qəbul edilməyəcək.

"Hakimiyyətin ilkin olaraq maksimum sərt tələblər müəyyən etmək ənənəsi var ki, sonradan onların bir hissəsini ləğv edərək, özünü "konstruktiv" qələmə versin" , Cəfərli qeyd edib.

İqbal Ağazadə

"Ümid" Partiyasının lideri İqbal Ağazadə Facebook-da yerləşdirdiyi postda sənədi tənqidi qiymətləndirib.

O, dövlət qeydiyyatından keçməyən partiyaların fəaliyyətinin yolverilməz olması haqqında normanın konstitusiyaya zidd olduğunu hesab edir.

"Siyasi partiyada birləşən bir qrup şəxs siyasi fəaliyyət həyata keçirirsə, buna görə onları təqib etmək olmaz. Bu, Konstitusiyada zəmanət verilən azadlıqlara, birləşmə azadlığına ziddir" - deyə, Ağazadə qeyd edib.

Partiyalar ardıcıl olaraq iki dəfə seçkilərdə iştirak etmədiyi təqdirdə onların dövlət qeydiyyatından məhrum edilməsi haqqında norma da yanlışdır.

"Partiyalar həm seçkilərdə iştirak etmək, həm də seçkiləri boykot etmək hüququna malikdir. Onlar hansı hüquqlarından istifadə edəcəklərinə özləri qərar verməlidir. Seçkilərdə iştirak inzibati metodlarla tənzimlənməməlidir", Ağazadə belə hesab edir.

Elman Nəsirov

Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının üzvü Elman Nəsirov Turan agentliyinə bildirib ki, "Siyasi partiyalar haqqında" qanunun qəbul edilməsindən 30 il vaxt keçib.

"Cəmi 4 fəsildən və 20 maddədən ibarət bu qanun o dövrünün reallıqlarını əks etdirirdi. 30 il keçib, Azərbaycanda artıq yeni reallıqlar yaranıb, yeni siyasi konfiqurasiya formalaşıb. Azərbaycan inkişaf dinamikasına adekvat "Siyasi partiyalar haqqında" yeni qanun qəbul edilməlidir".

Onun sözlərinə görə, sentyabrın 28-də qanun layihəsi ilə bağlı parlamentdə ictimai müzakirələr aparılacaq.

"Daha sonra layihə komitələrin və plenar iclasların müzakirəsinə çıxarılacaq. Yəni, bu layihənin ilkin versiyadır".

E.Nəsirov bildirib ki, qanun layihəsində təklif olunan partiya təsisçiləri 20 il daimi ölkədə yaşaması ilə bağlı müddəada təəccüblü heç nə yoxdur.

"Bu sənəd hazırlanarkən 20-dən çox ölkələrin təcrübəsi öyrənilib. Bununla bağlı Venesiya Komissiyasının 2010 və 2020-ci ildə irəli sürdüyü yanaşmaları əsas götürülüb. Ölkəyə yaşamaya-yaşamaya və ölkədə siyasi proseslərdən xəbəri olmaya-olmaya gəlib bir siyasi partiya yaradıb fəaliyyət göstərmək məntiqli deyil. Burada müddətin göstərilməsi anlaşılandır.".

Deputat iki dəfə seçkilərdə ardıcıl olaraq iştirak etməyən siyasi partiyaların fəaliyyətinin dayandırılması müddəasına da münasibət bildirib.

"Bizim üçün yalançı say lazım deyil. Partiya fəaliyyətində əsas məsələlərdən biri hakimiyyət uğrunda mübarizədir. Varsansa, gücün, potensialın, arxanda sosial bazan varsa, zəhmət çək seçkilərdə iştirak et. İştirak etmirsənsə, onda niyə fəaliyyət göstərirsən? Kənardan suyu bulandırmaqla məşğul olmaqdan, hər şeyə ağız büzməkdən, tənqid etməkdən asan bir şey yoxdur".

Partiya rəsmisi hesab edir ki, partiyanı təsis edərkən 10 min üzvün olması ilə bağlı tələb çox önəmlidir.

"Bu deməkdir ki, 10 min və ondan artıq üzvü olan partiya ciddi siyasi qüvvəyə çevrilir və ölkənin ictimai-siyasi həyatında onun təsiri qabarıq şəkildə özünü göstərir. O partiyalar bundan qorxur ki, onların sosial bazası yoxdur" , deputat belə fikirləşir.