ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə missiyasının yeni direktoru Maykl Nirbas (Michael Nehrbass) öz vəzifələrini icra etməyə başlayıb.
USAİD -dən Amerikanın Səsinə verdiyi məlumatda deyilir ki, Azərbaycan üzrə missiya direktoru kimi Nirbas ölkənin prioritetlərini dəstəkləmək üçün USAID proqramlarına nəzarət edəcək.
"Mən USAID-in inkişaf proqramlarının uğurlarına əsaslanaraq Azərbaycan hökuməti, donor icması, özəl sektor və vətəndaş cəmiyyəti ilə tərəfdaşlığımızı gücləndirməyi səbirsizliklə gözləyirəm"- deyə, cənab Nirbas bildirib.
Qeyd olunub ki, bu vəzifəyə təyin olunmazdan əvvəl Nirbas Pakistanda missiya direktorunun müavini vəzifəsində çalışıb. USAID/Pakistan-a qoşulmazdan əvvəl o, USAID/İraq üçün sabitləşmə, iqtisadi artım, demokratiya və idarəetmə fəaliyyətlərinə nəzarət edib. Nirbas 2001-ci ildə USAID-də Xarici Xidmət əməkdaşı kimi işə başlayıb. O, Əfqanıstan, Anqola, Gürcüstan, Qvatemala, İndoneziya, İraqda və USAID-in Vaşinqtondakı Afrika Bürosunda xidmət edib.
Xatırladaq ki, 1991-ci illərdən bəri USAID Azərbaycan xalqının həyatını yaxşılaşdırmaq məqsədilə 427 milyon ABŞ dollarından çox vəsait ayırıb.