Azərbaycan Prezidenti Böyük Britaniyanın yeni baş nazirini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniyanın yeni baş naziri Elizabet Trassı təbrik edib.

Təbrikdə deyilir ki, Birləşmiş Krallıq Azərbaycanın ən iri ticarət tərəfdaşlarından biridir.

"Ölkənizi təmsil edən şirkətlər, ö cümlədən neft-qaz hasilatında etibarlı tərəfdaşımız olan BP Azərbaycanda uğurla fəaliyyət göstərir və bir sıra vacib layihələrin həyata keçirilməsində iştirak edir. Əməkdaşlığımızın prioritet istiqamətlərdən olan enerji sektorunda uzunmüddətli və məhsuldar işbirliyimiz qlobal enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır" , məktubda deyilir.

Bundan əlavə vurğulanır ki, Azərbaycan ilə Birləşmiş Krallığı ənənəvi dostluq və sıx əməkdaşlıq münasibətləri birləşdirir.

"Dövlətlərarası əlaqələrimizin, siyasi, iqtisadi-ticari, enerji və humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımızın hazırkı yüksək səviyyəsi və gündən-günə yeni məzmunla zənginləşməsi xüsusi məmnunluq doğurur. Hazırda işğaldan azad olunmuş ərazilərimizdə aparılan əsaslı bərpa və yenidənqurma işləri tərəfdaşlığımızın əhatə dairəsinin daha da genişlənməsi üçün əlverişli şərait yaratmışdır. Biz bu ərazilərin minalardan təmizlənməsi işinə Birləşmiş Krallığın verdiyi töhfəni yüksək qiymətləndiririk. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq əlaqələrimizin daha da möhkəmləndirilməsi, birgə fəaliyyətimizin dərinləşdirilməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik" , təbrikdə qeyd edilir.