Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi fəalların və jurnalistlərin qarşılaşdığı təzyiqlərlə bağlı açıqlama yayıb

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) sentyabrın 1-də Azərbaycanda son zamanlarda hökumət tənqidçiləri, vətəndaş cəmiyyəti fəalları, aktivistlər və jurnalistlərə qarşı artmış siyasi motivli təzyiq və təqib halları ilə bağlı açıqlama yayıb.

Açıqlamada qeyd olunub ki, 2022-ci ilin 8 ayı ərzində ən azı 20 hal üzrə siyasi fəallar, vətəndaş cəmiyyəti nümayəndələri, ictimai fəallar, bloqqer və jurnalistlər hüquq-mühafizə orqanlarının siyasi motivli təqibinə məruz qalaraq, saxlanılmış və ya polisə aparılaraq hədə-qorxuya məruz qalıblar.

SMDT istintaq orqanlarının laqeyd və qeyri-peşəkar yanaşmasını qınayaraq bildirib ki, ictimai fəallar, vətəndaş cəmiyyəti nümayəndələri və jurnalistlərə qarşı təzyiq hallarının qarşısının alınmaması, o cümlədən baş vermiş zorakılıq hallarının obyektiv şəkildə araşdırılmaması hökumətin öz tənqidçilərinə qarşı barışmaz siyasi münasibətinin göstəricisidir.

Açıqlamanın sonunda təşkilat Azərbaycan hökumətinə, Avropa Şurasına və Avropa Birliyinə çağırışlar ünvanlayıb.

SMDT xatırladır ki, Azərbaycanda vətəndaşların ifadə, sərbəst toplaşma, ədalətli araşdırma və işgəncə və alçaldıcı rəftara məruz qalmamaq hüquqları həm ölkə Konstitusiyası, həm də Azərbaycanın tərəfdaş çıxdığı beynəlxalq insan hüquqları sənədləri, o cümlədən, Avropa İnsan Hüquq və Azadlıqları üzrə Konvensiyası və Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Pakt ilə qorunmalıdır.

Təşkilat Azərbaycan hökumətini tənqidi fikirlərin susdurulması niyyəti daşıyan siyasi motivli təzyiq və təqiblərə son qoymalı, baş vermiş hüquq pozuntularına görə istintaq orqanları və məhkəmələrin hərtərəfli və effektiv araşdırmalar aparmasına müdaxilə etməməli olduğuna çağırış edib:

“Azərbaycan hökuməti siyasi azadlıqların pozulmasına dair Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrasına dair Avropa Şurası Nazirlər Komitəsinin tövsiyyələrinə əməl etməli, ölkədə insan hüquqları, o cümlədən, ifadə azadlığı, sərbəst toplaşmaq, birləşmək, işgəncə və alçaldıcı rəftara məruz qalmamaq və ədalətli mühakimə hüququnun müdafiəsi ilə bağlı islahatlar həyata keçirməlidir”.

Açıqlamada bildirilir ki, Avropa Birliyi Azərbaycanla 2022-ci ilin mayında imzalanan ‘Hərəkət planı’nın icrasında və Azərbaycanla imzalanması gözlənilən Geniş və starteji əməkdaşlıq sənədində insan hüquqlarının effektiv müdafiəsinə diqqət yetirməli və siyasi təzyiq hallarına həssas yanaşma sərgiləməlidir.

“Avropa Şurasının Parlament Assambleyası “Azərbaycanda jurnalistlər və hüquq müdafiəçilərinin təhlükəsizliyinə dair” hazırladığı hesabatda yuxarıda sadalanan hallara diqqət ayırmalı, Avropa Şurasının Baş katibi və Nazirlər Komitəsi Azərbaycanda Avropa İnsan hüquqları Məhkəməsinin qərarlarının icrasına xüsusi diqqət yetirməldir”, deyə bəyanatda deyilir.

Bəyanatla bağlı hələlik, Azərbaycan hökuməti münasibət bildirməyib. Ancaq hökumət bir qayda olaraq təşkilatların bu kimi tənqidlərini qəbul etmir. Hakimiyyət təmsilçiləri ölkədə bütün təməl hüquq və azadlıqların tam təmin edildiyini bildirir.