Ombudsman: 7000-dən çox ukraynalı uşaq qanunsuz olaraq Rusiyaya aparılıb

Ukrayna Ali Radasının insan hüquqları üzrə səlahiyyətli nümayəndəsi Dmitri Lubinets yeddi mindən çox ukraynalı uşağın qanunsuz olaraq Rusiyaya aparıldığını bildirib.

“Rusiya uşaqlarımızın bizə qaytarılmasının qarşısını almaq üçün hər şeyi edir, hətta onların övladlığa götürülməsi ilə bağlı qanunvericilik sadələşdirilib. Bu, beynəlxalq hüququn pozulmasıdır və Rusiya Federasiyasının Ukrayna xalqına qarşı soyqırım törətməsinin bariz nümunəsidir, çünki bir millətdən olan qrupun məcburi köçkünləşməsi soyqırımın birbaşa tərifidir,” Lubinets Amerikanın Səsinin Ukrayna xidmətinə müsahibəsində deyib.

O əlavə edib ki, rusiyalı könüllülərlə əməkdaşlıq çərçivəsində deportasiya olunmuş 51 uşaq Ukraynaya qaytarılıb.

Dmitri Lubinets vəzifəsinin icrasına 2022-ci il iyulun 1-də başlayıb. Ondan əvvəl bu vəzifədə Rusiya ordusunun əsgərləri tərəfindən törədilən zorlama halları barədə yoxlanılmamış məlumatın açıqlanmasından sonra Ali Radanın deputatları tərəfindən vəzifəsindən azad edilmiş Lyudmila Denisova çalışırdı. Eyni zamanda, belə cinayətlərin mövcudluğunun şübhə doğurmadığı, zorakılıq hallarının müəyyən edilməsi istiqamətində işlərin davam etdirildiyi vurğulanmışdı. Denisova aprel ayında 121 min ukraynalı uşağın zorla Rusiyaya aparıldığını bəyan etmişdi.

Həmin ay Ukrayna Xarici İşlər Nazirliyi ukraynalı uşaqların Rusiyaya qanunsuz olaraq aparılması və övladlığa götürülməsi ilə bağlı BMT-yə müraciət edib. Hüquq müdafiəçiləri valideynləri olmayan və valideynlərindən ayrılan uşaqların Rusiya Federasiyasına aparıldığını bildiriblər.