Yeniyetməyə təcavüz etməkdə təqsirləndirilən Əsgər Ağazadənin məhkəməsi yenidən təxirə salınıb

Fəallar yeniyetməyə təcavüz etməkdə təqsirləndirilən Əsgər Ağazadənin məhkəməsinin keçirildiyi binanın önündə.

Sentyabrın 2-də yeniyetmə Sənay Yağmura təcavüz etməkdə təqsirləndirilən Əsgər Ağazadənin məhkəmə prosesi keçirilib. Məhkəmədə hökm oxunulacağı gözlənilsə də proses növbəti həftəyə təxirə salınıb.

Hakim təqsirləndirilən tərəfin vəkillərinin məhkəmədə iştirak etməməsi, eyni zamanda təqsirləndirilən şəxs Əsgər Ağazadənin səhhətində problem olmasını əsas gətirərək hökmün oxunmasını ertələyib.

Sənay Yağmurun anası Zümrüd Yağmur qeyd edib ki, məhkəmənin dəfələrlə təxirə salınmasının bu işin siyasi məsələ olduğunu göstərdiyini bildirib:

"Hakim Novruz Kərimov sübut edir ki, onun şəxsi hökm vermək iradəsi yoxdur. Gözəgörünməz bir qüvvə bütün bu oyunları qurur. Sürəyya Ağayeva mətbuat konfransında bildirib ki, oğlu Əsgər Ağazadənin hüquqları pozulur. Onların pul ödədiyi vəkillər isə məhkəməyə gəlmir və oğlu tez-tez xəstələnir. Artıq 6-cı dəfədir ki, hökm təxirə salınır, 3-cü dəfədir ki qarşı tərəfin vəkilləri məhkəməyə gəlmir. Bunları hakimə bildirdikdə isə, hakim hökmdə bunları nəzərə alacağını bildirib.

Zümrüd Yağmur eyni zamanda bildirib ki, hakim işi uzatmaqla Əsgər Ağazadəyə bəraət vermək istəyir:

"Növbəti məhkəmə iclasını təyin etdikləri tarixdə mənim Abşeron rayon məhkəməsində məhkəmə iclasım var. Bunun səbəbi odur ki, mən o məhkəməyə getməyim, məni məhkəmədən yayınmaq adı ilə həbs etsinlər. Onlar da Əsgər Ağazadəyə bəraət versinlər".

Vəkil Zibeydə Sadıqova bildirib ki, təqsirləndirilən tərəfin vəkilləri üzrlü səbəb göstərərək məhkəmədə iştirak etməyiblər: "Məhkəmə son söz deməlidir və müdafiəçilər iştirak etməlidirlər bu prosesdə. Yəqin ki, gələn dəfə də gəlməsələr artıq proses yekunlaşacaq".

Dövlət ittihamçısı Əsgər Ağazadəyə 7 il cəza istəyib.

Təqsirləndirilən Əsgər Ağazadənin anası Sürəyya Ağayeva da iddia edir ki, iş materiallarında olan ekspert rəyləri oğluna qarşı ittihamın böhtan olduğunu göstərir və bu ittihamın böhtan olduğunu sübut edir.

Əsgər Ağazadə özünü təqsirli bilmir və ittihamın əsassız olduğunu deyir. O, məhkəmədə ifadəsində qarşı tərəfi ona böhtan atmaqda ittiham edib.

Növbəti məhkəmə prosesi sentyabrın 9-u saat 17:00-a təyin olunub.

2021-ci ilin oktyabr ayında yazar Zümrüd Yağmur mətbuat konfransı keçirərək yeniyetmə qızının 1 il öncə cinsi təcavüzə məruz qaldığını açıqlayıb. Yazarın sözlərinə görə, ekspertiza rəylərində qızının paltarındakı biomaterialların bacısı oğlu Əsgər Ağazadəyə məxsus olduğu göstərilib.

Həmin mətbuat konfransından öncə Yasamal Rayon Prokurorluğu yetərli dəlillərin olmadığını bildirərək cinayət işi üzrə icraata 2 dəfə xitam verib.