"Wolt Azərbaycan" şirkətinin kuryerləri etiraz edir

"Wolt Azərbaycan" şirkətinin kuryerləri tətil edir (Foto facebook-dan götürülüb)

Sentyabrın 2-də "Wolt Azərbaycan" şirkəti ilə xidmət müqaviləsi əsasında əməkdaşlıq edən kuryerlər etiraz yürüşü keçiriblər.

Kuryerlər Koroğlu metrosunun yaxınlığında toplaşaraq şəhərin mərkəzi istiqamətində yürüşə başlayıblar.

Kuryerlər bildirir ki, hazırkı tariflərlə işləmək sərf etmir.

"Əsas qiymət 1,5 manat olmaqla 500 metrəyə qədər heç bir ödəniş olunmur. 500 metrdən sonra hər 100 metr üçün 3 qəpik tarif hesablanır. Bu da nəticədə çox az edir. Çoxumuz ailəliyik, borclarımız var. Şirkətdən bizə bildiriblər ki, bütün dünyada kuryer xidmətləri məsafəni yerlə yox, hava ilə ölçürlər. Amma dünyanın heç bir yerində uzun məsafələrə xidmət haqqı 1,5 manat etmir," aksiya iştirakçılarından biri qeyd edib.

Wolt Azərbaycan şirkətinin baş meneceri Tofiq Süleymanov bildirib ki, dünən və bu gün bir qrup kuryer Bakıda tətil keçirib.

"Onların sifarişləri qəbul etməyib xidmət göstərməmək seçiminə hörmətlə yanaşırıq. Lakin, təəssüf ki, bu kuryer qrupu öz narazılığını başqa kuryerlərə maneəçilik törətmək ilə əks etdirir. Bu qrup populyar restoranların qarşısında yığışaraq işləmək istəyən kuryer-partnyorlara sifarişləri götürməyə imkan vermir".

Qeyd olunub ki, hazırkı narazılıq avqust ayının 29-da ödəniş modelinə edilən dəyişikliklər ilə bağlıdır.

"Bu dəyişikliklər öncədən 12 avqust tarixində detallı şəkildə bütün kuryer-partnyorlara təqdim olunmuşdur. Eyni zamanda, 15 və 16 avqust tarixlərində kuryer-partnyorların fikirlərini oyrənmək üçün müvafiq videogörüşlər keçirilmişdir."

Süleymanov bildirib ki, yeni modelə əsasən, kuryerin həm müştəriyə, həm də restorana/mağazaya qədər qət etdiyi məsafə naviqator əsasında hesablanır.

"Əsas dəyişiklik məhz budur: öncə məsafə düz xətt ilə, indi isə naviqatora əsasən qurulmuş marşrut üzərindən hesablanır. Kuryer-partnyorlar bu dəyişikliyin tətbiq olunmasını uzun müddət ərzində xahiş edirdi və biz onların istəyini məmnuniyyət ilə həyata keçirdik".

Şirkətdən vurğulanıb ki, bu dəyişikliklərin ilkin narahatlıqlar doğurduğunu başa düşürlər, lakin atılan addımlar qazancı azaltmaq məqsədi ilə icra olunmayıb.

"Biz kuryer-partnyorların effektivliyini artıraraq, hər zaman olduğu kimi, saatlıq qazancların yüksəlməsi üzərində çalışırıq və yeni ödəniş sistemi bu məqsədimizdə kömək edir. Biz məyus kuryerlərin fikirlərinə hörmətlə yanaşırıq və ilk gündən bəzi kuryer-partnyorlar ilə görüşlər keçirmişik. Görüşləri davam etdirib kuryerlərin fikirlərini dinləməyə açığıq, lakin hamını qanunlara riayət edərək, digər kuryer tərəfdaşlarına və restoranlara qarşı nümayiş etdikləri təzyiqə dərhal son qoymağa çağırırıq,” Süleymanov qeyd edib.

Bu ilin aprel ayında da Wolt Azərbaycan şirkəti ilə əməkdaşlıq edən kuryerlər boykot aksiyası keçirmişdi. O da xidmət haqlarının azaldılması ilə bağlı idi. Apreldəki etirazdan sonra tariflərin əvvəlki üsulla ödənilməsinə başlanıb.