Pol Qobl: ABŞ və Avropa İttifaqının regionda fəaliyyəti çoxlarının bağlı olduğunu düşündüyü imkanlara yol aça bilər

Your browser doesn’t support HTML5

Pol Qobl: ABŞ və Avropa İttifaqının regionda fəaliyyəti çoxlarının bağlı olduğunu düşündüyü imkanlara yol aça bilər

Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında dördüncü görüş keçirilib. Şarl Mişelin görüşün yekunları ilə bağlı açıqladığı bəyanatda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin təşviqi istiqamətində substantiv işin fəallaşdırılması barədə razılıq əldə edildiyi bildirilir. Avropa İttifaqı, Azərbaycan və Ermənistan arasında üçtərəfli görüşlə bağlı bəyanata əsasən, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə layihənin mətninin hazırlanması məqsədilə bir ay müddətində görüşmək tapşırılıb. Bir sıra müşahidəçilər iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində yaxın zamanda mühüm irəliləyişin ola biləcəyini deyir. ABŞ administrasiyasının keçmiş Sovet İttifaqı üzrə keçmiş müşaviri Pol Qobl Amerikanın Səsinə müsahibədə Brüsseldə üçtərəfli görüş və Cənubi Qafqazda sülh perspektivlərini şərh edib.

Amerikanın Səsi: Avropa İttifaqının prezidenti Şarl Mişel prezident Əliyev və baş nazir Paşinyan arasında dördüncü görüşə ev sahibliyi edib. O, müzakirələri açıq və produktiv adlandırıb. Prezident Şarl Mişelin açıqladığı bəyanata əsasən, onlar tərəflər arasında sülh sazişi istiqamətində işin sürətləndirilməsi ilə bağlı razılığa gəliblər və xarici işlər nazirlərinə layihə mətnlərinin hazırlanması tapşırılıb. Mətbuat üçün açıqlanan bəyanatda sərhəd və humanitar məsələlərin də müzakirə edildiyi qeyd edilir. Prezident Mişel həmçinin hər iki tərəfi öz əhalisini uzunmüddətli sülhə hazırlamağa çağırıb. Bu inkişaflar nə dərəcədə əhəmiyyətlidir? Bu görüşdən sonra iki tərəf arasında münasiblətlərin normallaşdırılması və regionda davamlı sülhün perspektivləri haqda nə düşünürsünüz?

Pol Qobl: Əlbəttə ki, iki liderin sülh sazişinin əldə edilməsinə sadiq olduqlarını bəyan etməsi çox yaxşıdır. Aydındır ki, tərəflərin razılaşa biləcəyi bir yaxşı hazırlanmış sülh sazişi hər iki tərəf üçün çox yaxşı olardı. Təbii ki, problem iki tərəf arasında və bundan sonra necə hərəkət ediləcəyi ilə bağlı fundamental fərqlərin olmasından ibarətdir. Buna görə də danışıqların tempinin artırılması ilə bağlı öhdəliyin olması alqışlanır, amma özü-özlüyündə bunun bizim razılaşmadan bir neçə ay uzaq olduğumuz demək olması tamamilə başqa bir şeydir. Hal-hazırda tərəflər arasında fərq çox böyükdür.

Amerikanın Səsi: Keçən həftə Rusiyanın vasitəçiliyi ilə 2020-ci il noyabrın 10-da İkinci Qarabağ Müharibəsinin sona çatması ilə nəticələnən üçtərəfli razılaşmanın bir hissəsi olaraq strateji əhəmiyyətli Laçın şəhəri Azərbaycan qüvvələrinin nəzarətinə qaytarılıb. Razılaşmaya əsasən, Rusiya vəziyyəti monitorinq etmək üçün regiona təxminən 2 min nəfərdən ibarət hərbçi yerləşdirib. Siz hazırda regionda vəziyyəti necə dəyərləndirirsiniz? Rusiyanın Qarabağda mövcudluğu hansı çətinliklər və risklər yaradır?

Pol Qobl: İlk növbədə, bir neçə qeydim var. Birincisi, noyabr bəyannaməsidir. Üç lider tərəfindən noyabr bəyanatı razılaşma deyil, daha çox bəyannamə idi. Bunu çətin razılaşma adlandırmaq olar. O, problemləri həll etmədi. Burada hətta irəliyə doğru bir yol xəritəsi belə yoxdur. Burada müəyyən mənada geniş öhdəlikər götürülüb. İndi gördüyümüz kimi, heç bir razılaşmanın olmadığı faktı ortaya çıxır.

Laçına gəlincə, Laçının Azərbaycanın nəzarətinə qaytarılması, bəli, bu, Azərbaycanın bir hissəsidir. Bu, yaxşıdır. İki sual mövcuddur. Birincisi odur ki, Rusiya hərbi qüvvələri Laçında hansı rol oynacaq? Orada onların sayının çox olduğu deyilir və indi onlar Rusiya və hamı tərəfindən Azərbaycanın ərazisi kimi tanınan Azərbaycan ərazisindədir. Bu, stabil vəziyyətdirmi? Yoxsa, bunun Cənubi Qafqazda münaqişənin Ermənistan və Azərbaycan arasında konfliktdən Azərbaycan və Rusiya Federasiyası arasında konfliktə çevrilməsi effekti ola bilər? Ən azı belə bir risk var. Bu, problemlərin bir dəstidir. Problemlərin digər hissəsi bununla bağlıdır ki, son iki ildə Ermənistan və Stepanakertin Artsax, indi isə hamı tərəfindən Azərbaycanın bir hissəsi kimi tanınan rayonu arasında bir alternativ dəhlizin, koridorun olması təklif edilib. Bu dəhliz açılacaqmı? Azərbaycan Ermənistan sərhədi və Stepanakert ətrafında ermənilərin olduğu ərazi arasında yolun öz hissəsini tikib. Ermənistan hökuməti onun tikintisinə hələ indi başlayıb. Əslində bunların çoxu hələ elə erkən mərhələlədədir ki, bu yolun bu ilin sonuna qədər tikilib-tikilməyəcəyi aydın deyil. Buna görə də bəli, biz bu addımı alqışlaya bilərik. Amma problem ondadır ki, bu, hər şeyi həll etmir. Bu, sadəcə olaraq problemlərin yeni hissəsini yaradır.

Mən çox inanıram ki, Rusiya sülhməramlıları adlandırılan qüvvələr Laçından çıxarılacaq. Mən onlardan Stepanakert ərazisində qalan həm qeyri-rəsmi, həm də formal erməni qüvvələrinin tərksilah edilməsində istifadə ediləcəyini görmək istərdim.Əlbəttə ki, Ermənistan tərəfdən də yolun çəkilməsini də görmək istərdim. Məsələ bundadır ki, Ermənistanın o qədər də təsir imkanları yoxdur. Yeganə malik olduğu imkan “yox” demək və bu məsələlərdə vaxtı uzatmaqdır və Zəngəzur dəhlizi məsələsində, nəqliyyat marşrutlarının açılması və Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin yekun demilitasiyası məsələsində yeganə təsir imkanının bu olduğunu hiss etdiyi müddətdə bunu davam etdirəcək. Buna görə də bu addımların bəzilərini alqışlaya bilərik, amma bunların həll yolu olduğunu düşünməməliyik. Qarşıda çoxlu çətin danışıqlar var. Bundan da artıq, düşünürəm ki, həm ermənilər, həm də azərbaycanlılar ermənilər güzəştlərə, azərbaycanlılar da bəzi kompromislərə getməli olduqlarını qəbul etməlidirlər. Azərbaycan Qarabağın tamamilə azərbaycanlılardan ibarət, Azərbaycanın dominant olmasını istəyərdi, amma orada böyük erməni əhali var. Həqiqətən də kimsə onların, bu qrupun oradan çıxarılması və Azərbaycan üçün davamlı problem olmasını istəyirmi? Ümid edirəm ki, yox, amma bu, problemdir. Ermənistanın demilitasiya məsələsində, Laçına alternativ marşrutlar məsələsində təsir imkanı qaldığı müddətdə Stepanakert ətrafındakı erməni icmasının nəhayi statusu adlandırılan məsələnin açıq qalması və hətta tərəflərin həll etməli olduğu problem olması ehtimalı da qalmaqda davam edəcək.

Amerikanın Səsi: Əgər bu hadisələrə Rusiyanın Ukraynada apardığı müharibə kontekstindən baxsaq, müharibənin nəticələri regiona hansı təsir göstərə bilər? Ukraynaya hərbi müdaxilə Rusiya üçün strateji məğlubiyyətlə nəticələnsə, Moskvanın post-sovet məkanının digər regionları, xüsusilə də Cənubi Qafqazda gündəmini necə dəyişə bilər?

Pol Qobl: Mən güman edirəm ki, Ukraynada nə baş verirsə versin, Moskvada rəhbərlik Krımın işğalı, Donbasın işğalı, digər ərazilərin işğalından imtina etməli olsa belə, bunun qələbə olacağını elan edəcək. Beləliklə, tamamilə şübhəsiz ki, bu, məğlubiyyət olacaq, bunun daha çox ehtimalı var, amma bu o demək deyil ki, Moskva bunu belə görəcək. Bununla belə çoxlarının Rusiyanın geri çəkilməsini Rusiyanın zəifliyi kimi görməsi tam yəqinliklə Kremli gücünü başqa bir yerdə göstərməyə sövq edəcək. Sual budur ki, harada?

Qazaxıstanın şimalı qeyd edilib. Amma bununla bağlı real problemlər var. Bu, çox güman ki, Çinlə toqquşmalara səbəb ola bilər və ruslar bunda maraqlı deyillər. Moldovada həm Dnestryanı, həm də Qaqauz muxtariyyətindən istifadə etməklə nəsə edilə bildiyi deyilirdi. Problem budur ki, Rusiya Moldova ilə həmsərhəd deyil. Bəli, bunu etmək olar, amma Ukrayna ərazisindən quru ilə keçmək lazımdır, bu da problemdir.

Belarusu götürmək? Bu, ehtimal edilə bilər. Amma mən şəxsən hesab edirəm ki, Belarus Moskva üçün bir çoxlarının düşündüyündən daha böyük problem ola bilər. Çünki fikrimcə, belarusların sosial transformasiyaya məruz qalmış yeni nəsli Rusiya Federasiyasının tabeçiliyində olmaq istəmir. Buna görə də bunun baş verə biləcəyi ilə bağlı ciddi şübhələrim var.

Onda nə qalır? Cənubi Qafqaz. Moskva heç şübhəsiz ki, qazansa da, uduzsa da “qazanı qarışdıracaq”. Ona görə də ümid etmək istərdim ki, bütün tərəflər Rusiya qüvvələrinin regiondan çıxacağı vəziyyətə keçəcək. Moskvanın sülhməramlı kontingent adlandırdığı təxminən iki min hərbçi olsa da, onların sayı daha çoxdur. Moskva Ermənistanın xarici sərhədini qoruyur və çox sayda Rusiya qüvvələri hələ də həmin ərazinin “açarını” saxlayır. Fikrimcə, Cənubi Qafqazda irəliyə yol cənubi qafqazlıların öz işlərini xarici qüvvələr olmadan öz öhdələrinə götürməsi deməkdir. Bu da bir tərəfdən, Türkiyə, Avropa İttifaqı və Birləşmiş Ştatlar, digər tərəfdən isə Rusiya və başqaları arasında balans deməkdir. Biz hələ o yerə çatmamışıq. Hələ də böyük münaqişə və ya 44 günlük müharibə kimi nəsə yenidən baş verə bilər. Azərbaycan Ermənistanın 90-cı illərdə işğal etdiyi bütün əraziləri ələ keçirməyə çox yaxın idi. Amma bunu etmədi. Fikrimcə, bu, çox ağıllı addım idi, çünki bu, etnik ermənilərin ərazidən kütləvi şəkildə qaçmasına səbəb ola bilərdi və Azərbaycanın beynəlxalq arenada təcavüzkara bənzədilməsinə gətirib çıxara bilərdi. Lakin indi elə bir vəziyyətdəyik ki, Rusiya qüvvələri Azərbaycanın ərazisindədir və azərbaycanlılar bundan razı deyillər. Maraqlıdır ki, ermənilər də Rusiya qüvvələrinin Stepanakert ərazisində etdiklərindən razı deyillər. Onlar Azərbaycanın öz ərazilərini geri almasının qarısını almayıblar, buna görə də orada böyük dəstək yoxdur. Nəsə etmək lazımdır. Mən çox ümid edirəm ki, xüsusilə də Rusiyanın diqqətinin Ukraynaya yönəldiyini nəzərə alsaq, Avropa İttifaqı və Birləşmiş Ştatların regionda fəallığının artması iki tərəfin razılaşa biləcəyi, bir-bir ilə yaşamağa, bir-biri ilə iqtisadi ələqələrin olmasına imkan verəcək razılığa gələ biləcəyi və bunu Rusiya “çəkməsinin dabanı altında” etməyəcəyi bir vəziyyətə gətirib çıxaracaq.

Amerikanın Səsi: Mənim Minsk Qrupu ilə bağlı sualım var. ABŞ dövlət katibi Antoni Blinken keçən həftə səfir Filip Rikeri Qafqaz üzrə danışıqlarda baş müşavir və Minsk Qrupunun həmsədri vəzifəsinə təyin edib. Birləşmiş Ştatlar, Fransa və Rusiyanın həmsədrlik etdiyi qrup iki il əvvəl müharibə başlayandan əvvəl uzunmüddətli həllə nail ola bilməyib. Bəzi təhlilçilər ABŞ-ın Minsk Qrupuna sadiqliyinə baxmayaraq, qrupun rolunun xüsusilə də Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra ciddi şəkildə azaldığını bildirir. Sizin bu haqda fikriniz nədir?

Pol Qobl: Mən hesab edirəm ki, səfir Rikerə bu titulun verilməsi çox mühümdür. O təkcə Birləşmiş Ştatların Minsk Qrupunda həmsədr deyil, həm də Cənubi Qazfqaz üzrə danışıqlar və ABŞ-ın danışıqlarda nümayəndəsi vəzifəsini tutur. Mən şəxsən hesab edirəm ki, Minsk Qrupunun məqsədlərinin dövrü yəqin ki bitib. Qrupun görə bilmədiyi işlərə görə qəzəb hissi var. Çox hallarda çıxılmaz vəziyyətdə olduğu kimi görünürdü. Əslində son üç ildə müşahidə etdiyimiz fəaliyyət başqa yerdən gəlib. Bu, Rusiyanın müdaxiləsi sayəsində baş verib. Avropa İttifaqının sayəsində olub. Bunun Amerikanın iştirakı ilə bağlı ola bildiyi istisna edilməməlidir. Buna görə də mən Bakıdan amerikalıların Minsk Qrupunun həmsədri vəzifəsinə təyinatı ilə bağlı şərhlərini başa düşsəm də, insanları səfir Rikerin titulunun ikinci hissəsinə və ona Cənubi Qafqazda aparıla biləcək bütün danışıqlarda Amerikanın nümayəndəsi kimi vəzifə verildiyi faktına diqqət yetirməyə çağırıram. Bu, təkcə Minsk Qrupu ilə məhdudlaşdırılmır. Əgər Azərbaycan Xarici İşlər Nazirliyində və ya Ermənistan Xarici Nazirliyində olsaydım bunun nə demək olduğu, amerikalıların Minsk Qrupu ilə məhdudlaşmayan daha aktiv rol baxımından nə düşündüyünü öyrənməkdə maraqlı olardım. Əgər o, sadəcə olaraq Minsk Qrupunun həmsədri kimi xüsusi tapşırıqlar üzrə səfir təyin edilsəydi, bu, Bakıda gördüyümüz bəzi bəyanatların səbəbi ola bilərdi. Fikrimcə, ona sizin də qeyd etdiyiniz titulun verilməsi Amerikanın mümkün yeni səyləri üçün qapı aça bilər. Beləliklə, biz Birləşmiş Ştatların Avropa İttifaqına qoşula bilməsini görə bilərik. Unutmayın ki, Avropa İttifaqı Minsk Qrupunun üzvü deyil. Beləliklə, Cənubi Qafqazda ABŞ və Avropa İttifaqının fəaliyyəti olsa, bu, bir çoxlarının bağlı olduğunu düşündüyü imkanlara yol aça bilər. Mən Rikerin təyinatından sonra Bakıdan gələn şərhləri başa düşsəm də, bunların bəzisinin yersiz olduğunu hesab edirəm, ona görə ki, fikrimcə, onlar Bayden administrasiyasının nə etmək istədiyini nə qədər diqqətlə açıqladığını nəzərə almırlar. Əgər səfir Riker həqiqətən də əsas diqqətini artıq tarixi baxımdan maraq kəsb edə bilən Minsk Qrupu deyil, Bakı və Yerevan arasında ikitərəfli danışıqlara yönəltsə, bu, fikrimcə, irəliyə doğru ümid edirəm ki, həm Bakı, həm də Yerevanın bunun nə olduğunu başa düşdükdə alqışlayacağı çox müsbət bir addım olardı.