Sonuncu sovet lideri Mixail Qorbaçovun siyasi irsi

Your browser doesn’t support HTML5

Sonuncu sovet lideri Mixail Qorbaçovun siyasi irsi

Sovet İttifaqının sonuncu lideri Mixail Qorbaçov bu həftə 91 yaşında vəfat edib. Qərb liderləri Qorbaçovu siyasi karyerası sovet blokunun süqutu və soyuq müharibənin sona çatmasına gətirib çıxaran dövlət xadimi kimi xatırlayır. Lakin bir çoxları Qorbaçovun müstəqillik hərəkatının baş qaldırdığı Baltika ölkələri, Gürcüstan və Azərbaycana sovet tankları göndərməsini qeyd edərək, bunun keçmiş sovet liderinin siyasi irsində bir ləkə olaraq qaldığını deyir.

Mixail Qorbaçov 1960-70-ci illərdə Kommunist Partiyasının sıralarında yüksəlib və 1980-ci illərdə ölkənin ali idarəetmə orqanı olan Siyasi Büronun ən gənc üzvü olub.

Qorbaçov hakimiyyətə 1985-ci ildə son üç ildə ölən üçüncü partiya baş katibi, 73 yaşlı Konstantin Çernenkonun vəfatından sonra gəldi. 54 yaşlı yeni lider illər boyu durğunluqdan sonra təzə, yeni üslub təklif etdi.

Həmin vaxt sovet qoşunları Əfqanıstanda uzun sürən qanlı müharibə aparırdı. Qorbaçov dərhal qoşunların sayının azaldılmasını elan etdi.

Ölkə daxilində isə o, senzuranı yumşaltmağa və ölkənin mərkəzləşdirilmiş planlı iqtisadiyyatında islahatlara yönəlmiş qlasnost və perestroyka, açıqlıq və yenidənqurma siyasətini elan etdi.

1986-cı ilin oktyabrında Birləşmiş Ştatlarla nüvə tərksilahına dair danışıqlar İslandiyanın Reykyavik şəhərində ABŞ prezidenti Ronald Reyqan ilə əlamətdar zirvə görüşünə gətirib çıxardı.

İki lider arasında 11 saat sürən danışıqlarda onlar nüvə silahlarının ixtisarına dair razılığın əldə edilməsinə yaxınlaşdılar. Lakin danışıqlar dayandırılanda Qorbaçov Reyqana tarixi fürsətin əldən verildiyini bildirdi.

İrəliləyişə növbəti il Vaşinqtonda nail olundu.

Orta və qısa mənzilli raketlərin ləğvinə dair müqavilə bir raket sinfinin bütünlüklə ləğv edilməsini nəzərdə tutan silahlara nəzarətə dair ilk saziş idi. Bununla müqaviləyə əməl edildiyinin təmin olunması üçün yerlərdə qarşılıqlı yoxlamalar nəzərdə tutulurdu. Bu, eyni zamanda, Moskva və Vaşinqton arasında münasibətlərdə tamamilə yeni tondan xəbər verirdi.

Tarixçilər bunu soyuq müharibənin sonunun başlanğıcı adlandırırdı. Bu, qeyri-adi bir dönüş idi.

Reyqan Qorbaçovu Berlin divarını sökməyə çağırdı.

1989-cu ilin oktyabrında Qorbaçov Şərqi Berlinə gələndə coşğu ilə qarşılanmışdı. Lakin Şərqi Almaniya lideri Erik Honeker onu görməkdən o qədər də məmnun deyildi. Bir həftə sonra Honeker istefa verdi və bir ay sonra Berlin divarı uçuruldu.

Qırx illik sovet hökmranlığı qitənin bir-birinə zidd bloklara bölünməsi ilə müşayiət olaraq sona çatırdı.

Lakin Qorbaçovun xaricdə alqışlanmasına baxmayaraq, o, daxildə təzyiqlərlə qarşılaşırdı. Onun iqtisadi islahatları nəticə vermədiyi üçün çörək növbələri yaranmışdı və dükanlar boş idi. Sibirdə mədən işçiləri əmək haqlarının artırılması tələbi ilə tətilə çıxmışdı, Moskvada isə etiraz aksiyaları keçirilirdi.

Bu, Sovet İttifaqının sonunun başlanğıcı idi.

1989-cu ilin aprelində sovet qoşunları Gürcüstanda Moskvadan müstəqillik tələbi ilə keçirilən mitinqdə ən azı 20 nəfəri öldürmüşdü.

1990-cı ilin yanvarında sovet qoşunları tərəfindən Azərbaycanda, Bakıda 100-dən çox insan öldürüldü.

Baltikyanı ölkələrdə etirazçıların insan zənciri təşkil etdiyi Estoniya, Latviya və Litvada oxşar antisovet əhval-ruhiyyəsi var idi.

Hər üç ölkə 1990-cı ilin yazında müstəqilliyini elan etdi.

Bir neçə ay sonra sovet qoşunları Litvanın müstəqilliyini güc yolu ilə boğmağa çalışdılar. 14 silahsız litvalı etirazçı öldürüldü, daha çox insan yaralandı.

Moskvada da iğtişaşlar davam edirdi. Burada Rusiya cəmiyyətində demokratiya tərəfdarı qüvvələrin yeni qəhrəmanı Rusiya Sovet Respublikasının başçısı Boris Yeltsin idi.

Böhran 1991-ci ilin avqust ayında səkkiz sərt xətt tərəfdarı yüksək səviyyəli kommunist tərəfindən hərbi çevriliş edilərək fövqəladə vəziyyətin elan edildiyi vaxt zirvə nöqtəsinə çatdı. Boris Yeltsinin başçılığı ilə Rusiya parlamentinin yerləşdiyi Ağ Ev ətrafında müqavimət yaranırdı.

Dövlət çevrilişinə cəhddən sonra sovet respublikaları bir-birinin ardınca müstəqilliklərini elan etməyə başladılar.

Ayın sonunda isə Sovet İttifaqının mövcudluğu dayandırıldı və Qorbaçov vəzifəsiz qaldı.

Eks prezident kimi Qorbaçov Qərbi getdikcə daha çox tənqid edirdi.

Mixail Qorbaçov bu illər ərzində Rusiya prezidenti Vladimir Putin haqqında həm müsbət, həm də mənfi rəy bildirib. Bununla belə o, Rusiyanın 2008-ci ildə Gürcüstanla müharibəsi və 2014-cü ildə Krımın Ukraynadan ilhaqı kimi xaricdə hərbi əməliyyatlarını dəstəkləyib.

Həmin ilin sonunda Berlin divarının sökülməsinin 25-ci ildönümü ilə bağlı keçirilən tədbirlərdə o, ABŞ-ı Rusiya ilə əlaqələrində “tirumfalizmdə” ittiham edib.

1990-cı ildə Qorbaçov soyuq müharibənin sülh yolu ilə başa çatmasına görə Nobel Sülh Mükafatına layiq görülüb.

Soyuq müharibənin başa çatması dünya tarixində yeni parlaq səhifənin başlanğıcı kimi görünürdü. Lakin ömrünün son illərində o həmin dövrün ümidlərinin söndüyünü seyr edirdi.