Gənc fəal Rəhim Pənahiyan Təbrizdə İranın təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.
İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinə istinadən, avqust ayının 28-də nəzarət altına alınan Pənahiyanın haraya aparıldığı bəlli deyil.
Təbrizdəki evində saxlanılan 19 yaşındakı milli fəalın hansı səbəblərə görə tutulduğuna dair məlumat yayılmayıb.
Rəhim Pənahiyan keçmişdə də fəaliyyətləri üzündən təhlükəsizlik qüvvələrinin basqılarına məruz qalıb. Güney Azərbaycan Televiziyasının (Günaz TV) məlumatına görə, o, daha əvvəl Təbrizin "Traktor" komandası ilə Tehranın "Persepolis" komandası arasındakı matç zamanı nəzarət altına alınıb.
SEE ALSO: Təbrizdə iki fəal prokurorluğa çağırılıbSon həftələrdə Təbrizdə milli fəallara basqılar artıb. Keçən təqribən 10 gün ərzində Şərqi Azərbaycan vilayətində bir neçə milli fəal kəşfiyyat qurumu və ya prokurorluğa çağırılıb.
Hüquq müdafiəçilərinin yaydığı məlumata görə, fəallar Şahin Bərzgər, Siyamək Fərəczadə, habelə Mustafa və Əhməd Əşrəfi Liqvan qardaçları keçən günlərdə Təbrizin ümumi və inqilab prokurorluğunun 15-ci şöbəsinə çağırılıblar. Şərqi Azərbaycan vilayətinin Nadarlı qəsəbəsində isə Hüseyn Əmani və Məhəmmədrza Əmanidən kəşfiyyat nazirliyinin Mərənd şəhərindəki informasiya qərargahına müraciət etmələri istənilib.