Təbrizdə iki fəal prokurorluğa çağırılıb

Mustafa və Əhməd Əşrəfi Liqvan

Keçən bir neçə gün ərzində Şərqi Azərbaycan vilayətində bir neçə milli fəal kəşfiyyat qurumu və ya prokurorluğa çağırılıb. Hüquq müdafiəçilərinin yaydığı məlumata görə, Təbrizin ümumi və inqilab prokurorluğu Mustafa və Əhməd Əşrəfi Liqvan qardaşlarına da çağırış vərəqəsi göndərib.

Amerikanın Səsinin də surətini əldə etdiyi çağırış vərəqəsində yazılanlara görə, Əşrəfi Liqvan qardaşlarından “son müdafiə üçün” beş gün ərzində ümumi və inqilab prokurorluğunun 15-ci şöbəsinə müraciət etmələri tələb edilib.

İki fəalın “İslam Respublikası nizamına qarşı təbliğat fəaliyyəti” göstərməkdə ittiham olunduğu bildirilib.

Mustafa və Əhməd Əşrəfi keçən may ayının 22-də nəzarət altına alınmışdılar. Onlar daha sonra təqribən 15 gün sorğu-sual edildikdən sonra 100 milyon tümənlik mülki zəmanət qarşılığında məhkəmə prosesi tamamlanana qədər müvəqqəti azadlığa buraxılıb.

SEE ALSO: Təbrizdə fəallar Şahin Bərzgər və Siyamək Fərəczadə prokurorluğa çağırılıb

Milli fəallar Şahin Bərzgər və Siyamək Fərəczadə də keçən günlərdə Təbrizin ümumi və inqilab prokurorluğunun 15-ci şöbəsinə çağırılıblar. Şərqi Azərbaycan vilayətinin Nadarlı qəsəbəsində isə bu yaxınlarda Hüseyn Əmani və Məhəmmədrza Əmanidən kəşfiyyat nazirliyinin Mərənd şəhərindəki informasiya qərargahına müraciət etmələri istənilib.