Ombudsmanın nümayəndələri Azərbaycanda həbsdə olan Ermənistan vətəndaşlarına baş çəkib

Ombudsmanın nümayəndələri həbsdə olan Ermənistan vətəndaşlarına baş çəkib (Foto Ombudsman Aparatınındır)

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri həbsdə olan Ermənistan vətəndaşlarına baş çəkib.

Ombudsman Aparatının məlumatına görə, BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolu və "Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununun tələblərinə uyğun təşkil olunmuş başçəkmədə məqsəd müəssisədə saxlanma şəraiti və rəftar məsələlərinin, saxlanılan şəxslərin hüquqlarının təmin olunması vəziyyətinin araşdırılmasından ibarət olub.

“MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə zamanı Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin 2020-ci il 10 noyabr tarixində imzaladıqları üçtərəfli Bəyanata əsasən hərbi əməliyyatların dayandırılmasından sonra Azərbaycanın işğaldan azad olunmuş ərazisində cinayət əməllərinin törədilməsinə görə məhkum edilmiş Ermənistan vətəndaşları da qəbul edilib. Konfidensial qəbullar çərçivəsində aparılan söhbət zamanı hər bir məhkum üçün telefon əlaqələrinin, yazışmaların, ailə üzvləri ilə təmasın, məlumat əldə etmək imkanlarının (televiziya, nəşrlər), tibbi xidmətin təmin olunduğu müəyyən edilib,” məlumatda qeyd edilib.

Azərbaycanın rəsmi qurumları ölkədə həbsdə olan Ermənistan vətəndaşlarının sayı ilə bağlı məlumat yaymayıb. Ermənistan tərəfi isə 50-dən çox Ermənsitan vətəndaşının Azərbaycanda həbsdə və ya əsirlikdə olduğunu bildirir.