Prokurorluq FHN əməkdaşlarının intim görüntülərinin yayılması üzrə araşdırmalara başlayıb

Azərbaycan Respublikası Baş Prokurorluğu

Azərbaycan Baş Prokurorluğu sosial şəbəkələrdə Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iş yerində intim foto və videolarının yayılması ilə bağlı araşdırmalara başlayıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

“Qeyd edilən və digər oxşar məzmunlu faktlarla bağlı hazırda Baş Prokurorluq tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq araşdırmalara başlanılaraq aidiyyəti dövlət qurumlarına müvafiq sorğular verilməklə zəruri prosessual hərəkətlər yerinə yetirilir,” məlumatda qeyd edilir.

Qeyd edək ki, son günlərdə Fövqəladə Hallar Nazirliynin yüksək vəzifəli zabitinin tabeliyində olan qadınlarla iş otağında intim videoları əks olunduğu bildirilən videolar yayılır. Bu videolar nazirliyə qarşı geniş tənqidlərə yol açıb.

Bununla yanaşı, nə Fövqəladə Hallar Nazirliyi, nə videoda görüntüləri olan şəxslər, nə də onların vəklilləri və ailə üzvləri hələ açıqlama verməyib.

Bununla yanaşı, qeyri-rəsmi mənbələr sosial şəbəkələrdə yazır ki, kadrlar bir neçə il əvvəl çəkilib. Tabeliyində olan əməkdaşlarla əlaqədə olan zabit çoxdan vəzifədən azad edilib. Hadisənin Fövqəladə Hallar Nazirliyinin - yanğından mühafizə bölmələrindən birində baş verdiyi bildirilir.

Hüquqşünas Ələsgər Məmmədli Amerikanın Səsinə bildirib ki, videoda əks olunanlar sübutunu taparsa burada şəxsi həyatın toxunulmazlıq hüququ pozulub (Cinayət Məcəlləsinin 156-cı maddəsi).

“Çünki şəxsi həyatla bağlı məlumatları qanunsuz olaraq toplamaq, başqasına vermək, satmaq cinayət məsuliyyəti yaradır. Eyni zamanda, bu, vəzifəli şəxsin qulluq mövqeyindən istifadə edərək törədilibsə ağırlaşdırıcı hal kimi nəzərdə tutulub. Burada həm də vəzifə səlahiyyətləini aşma var. Bu da ayrılıqda cinayət kimi qiymətləndirilə bilər. Burada həmçinin mülki aspektdən baxsaq, “Əmək Məcəlləsi”nin, “Dövlət qulluğu haqqında” qanunun pozulması halları var. Tabeçiliyində olan şəxsə qarşı seksual qısnama məsələsi də ayrıca müzakirə oluna bilər,” o qeyd edib.