Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Azərbaycanın Londondakı səfirliyinə hücumu pisləyib

Azərbaycanın Londondakı Səfirliyi (Foto səfirliyindir)

Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Qrehem Stüart avqustun 4-də Azərbaycanın Londondakı səfirliyinə hücumu pisləyib.

Nazir Qrehem Stüart avqustun 15-də Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanovla görüşdən sonra deyib: “Avqustun 4-də Azərbaycanın Londondakı səfirliyində baş vermiş ciddi təhlükəsizlik insidentindən sonra bu gün Azərbaycan səfiri Elin Süleymanovla danışdım. Böyük Britaniya hökumətinin Böyük Britaniyadakı bütün diplomatik nümayəndəliklərin təhlükəsizliyinə verdiyi əhəmiyyəti vurğuladım və hadisənin baş verməsindən dərin təəssüf hissi keçirdiyimi bildirdim”.

Qrehem Stüart bildirib ki, Böyük Britaniya ifadə azadlığı hüququnu dəstəkləmək ənənəsinə malikdir, lakin bu, dinc və qanuni nümayişlər vasitəsilə həyata keçirilməlidir.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Birləşmiş Krallığın Avropa üzrə naziri Qraham Stüartın fikrilərini şərh edərkən deyib ki, Londonda Azərbaycan səfirliyinə qarşı baş verən insident radikal dini qrup üzvləri tərəfindən diplomatik nümayəndəliyə qarşı edilən hücumdur, təxribatdır və bu hadisə diplomatik nümayəndəliyin təhlükəsizliyi məsələsini ciddi şəkildə gündəmə gətirir.

“Bir daha xatırladırıq ki, diplomatik nümayəndəliklərin, o cümlədən diplomatların təhlükəsizliyi beynəlxalq öhdəliklərə uyğun olaraq ev sahibi ölkəsi tərəfindən təmin edilməlidir. Bununla əlaqədar olaraq, Britaniya nazirinin diplomatik heyətin təhlükəsizliyini priorotet məsələ kimi qeyd etməsi əhəmiyyət kəsb edir. O ki, qaldı “fikir azadlığının ifadə edilməsinə”, Londondakı səfirliyimizə hücumla heç bir əlaqəsi olmayan bu prinsipin azad cəmiyyətdə tətbiq edilməsi yollarına/qaydalarına yəqin ki, qədim Qərb demokratiyası olan Britaniyanın müvafiq qurumları yaxşı bələddirlər. Əks təqdirdə, hər hansı radikal və qeyri-qanuni addımın “azadlıq” pərdəsi altında şərh edilməsi ölkə təhlükəsizliyinə ciddi problemlər yarada bilər. Öz tərəfimizdən, Londondakı səfirliyimizə qarşı təxribatın ətraflı şəkildə araşdırılacağını və bu təxribatı törədənlərin məsuliyyətə cəlb ediləcəyini gözləyirik,” o qeyd edib.

Avqustun 4-də “Mehdinin Xidmətçiləri Birliyi” ekstremist şiə qruplaşması Azərbaycanın Londondakı səfirliyini ələ keçirib. Polis binanı azad edib və aksiya iştirakçılarından 8 nəfəri saxlayıb.