Azərbaycanda Şahdağ Milli Parkının Qəbələ rayonu (Bakıdan 326 kilometr qərb) bölməsində yüksək dağlıq ərazidə və Şabran rayonunda (Bakıdan 116 kilometr şimal) meşədə yanğın başlayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi bildirib ki, mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğınların söndürülməsi istiqamətində tədbirlər görülür.
“Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumları, Fövqəladə Hallar Nazirliynin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları səfərbər olunaraq yanğının söndürülməsi üçün çalışırlar,” məlumatda qeyd edilir.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətinin məlumatında deyilir ki, Şabran və Qəbələdə yanğınların söndürülməsinə helikopterlər cəlb edilib.
Məlumatda bildirilir ki, nazirliyə Şabran rayonunun Xəlfələr kəndi və Qəbələ rayonunun Abrıx, Tikanlı kəndləri yaxınlığında dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.
Nazirlik hesab edir ki, relyefin mürəkkəbliyi və havanın küləkli olması yanğınsöndürmə işlərini çətinləşdirir.
“Yanğınsöndürmə işlərini sürətləndirmək və yanğınların daha geniş əraziyə yayılmasının qarşısını almaq məqsədi ilə hər iki əraziyə nazirliyin əlavə qüvvələri, o cümlədən Aviasiya dəstəsinin iki helikopteri, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları cəlb olunub. Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir,” məlumatda qeyd edilir.