Avqustun 12-nə Azərbaycanın Yardımlı rayonunun Deman kəndi (Bakıdan 300 kilometr cənub) yaxınlığında İranla sərhəddə sərhədçilərlə narkotik qaçaqmalçıları arasında silahlı insident qeydə alınıb.
Azərbaycan Dövlət Sərhəd Xidməti və Baş Prokurorluğun birgə məlumatında deyilir ki, sərhəd pozucuları “dayan” əmrinə cavab olaraq atəş açıb. Cavab atəşilə sərhəd pozuculardan biri, İran vətəndaşı Ağacan Nağızadə yaralanıb və saxlanılıb, ikincisi geriyə İrana qaçıb. Hadisə yerindən içərisində 8 kiloqram marixuana olan bağlama və patronla tapança aşkarlanıb.
Dövlət Sərhəd Xidmətinin digər məlumatında isə deyilir ki, avqustun 11-də Beyləqan rayonunun Əhmədli kəndi (Bakıdan 288 kilometr cənub-qərb) yaxınlığında İran tərəfdən sərhədin pozulması qeydə alınıb. Sərhədçilərin “dayan” əmrinə cavab olaraq sərhəd pozucusu öz yükünü ataraq geriyə qaçıb. Ərazidən içərisində 20 kiloqram 700 qram marixuana, 1 kiloqram tiryək və 200 qram heroinin olduğu çanta aşkar edilib.
Bununla yanaşı, saxlanılan şəxsin vəkili və ailə üzvləri Azərbaycan Dövlət Sərhəd Xidməti və Baş Prokurorluğun birgə məlumatına hələ münasibət bildirməyib.
Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Amerikanın Səsinə bildirib ki, İran ərazisindən narkotik maddələrin keçidi son vaxtlar intensivləşib.
“Sərhəd pozucularının sayı da artıb. Bu, bizi narahat edir. Azərbaycan müstəqillik qazanandan keçən 30 ildə nadir hallar olub ki, Azərbaycan tərəfdən kimsə İran sərhədini pozsun. Amma mütəmadi olaraq İran tərəfindən Azərbaycanin sərhədləri pozulur. Narkoticarətçilər əli silahlı sərhədimizi keçməyə çalışır və sərhədçilərimizə atəş açırlar, itkilər olur. Sanki İran tərəfi bu məsələlərə bir qədər laqeyd yanaşır. Çünki İran sərhədçiləri sərhədə ciddi nəzarət etsələr narkoticarətçilər çox asanlıqla Azərbaycan sərhədini keçib, silahlı müqavimət göstərməzlər,” o qeyd edib.
Xatırladaq ki, sərhəd pozuculuğu və narkotik qaçaqmalçılığı ilə bağlı məsələləri bu ilin iyulun 15-də Azərbaycanda səfərdə olan İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani ilə də müzakirə olunub.
Buna baxmayaraq Azərbaycan hüquq-mühafizə orqanları demək olar ki, hər həftə İrandan ölkə ərazisinə gətirildiyi ehtimal edilən yüz kiloqramlarla narkotikin tutulması barədə məlumatlar yayır.
İranla sərhəddə narkotik qaçaqmalçıları ilə Azərbaycan sərhədçiləri arasında tez-tez atışmalar olduğu barədə də rəsmi məlumatlar yayılır. Atışmalar zamanı bir neçə narkotacir, sərhədçi öldürülüb və ya yaralanıb.