Şərqi Azərbaycan vilayətində müəllim müvəqqəti azadlığa buraxılıb

Şükrüllah Qəhrəmanifərd

İranın Şərqi Azərbaycan vilayətində müəllim və milli fəal Şükrüllah Qəhrəmani 10 gün nəzarətdən sonra mülki zəmanət qarşılığında müvəqqəti azadlığa buraxılıb.

Qəhrəmani ailəsinin bildirdiyinə görə, milli fəal çərşənbə günü Əhər həbsxanasından azad edilib. Onun məhkəmə prosesi davam edəcək.

Şərqi Azəbaycan vilayəti Xudafərin şəhərinin sakini olan fəal avqust ayının 1-də İranın kəşfiyyat qüvvələri tərəfindən saxlanılıb və Əhər şəhərində kəşfiyyat qurumuna məxsus həbsxanaya aparılaraq sorğu-sual edilib. O, avqustun 10-da müvəqqəti azadlığa buraxılmadan öncə Əhərin mərkəzi həbsxanasına köçürülüb.

Qəhrəmani ailəsinin daha əvvəl sosial şəbəkələrdə yaydığı məlumata görə, kəşfiyyat qüvvələri avqust ayının 1-də Şükrüllah Qəhrəmanini həbs edərkən o, və digər ailə üzvlərinin şəxsi əşyasını təftiş edib və mobil telefonu, kitab, pasport və kompüter kimi özəl əşyaları müsadirə ediblər.

Şükrüllah Qəhrəmani təqribən ötən 20 il ərzində milli-mədəni sahədə göstərdiyi fəaliyyətlər üzündən dəfələrlə həbs və mühakiməyə məruz qalıb.