Kaliforniyada bir qrup dost Ukraynaya yardım etmək üçün kulinariya festivalları təşkil edir. Könüllülər Ukrayna yeməklərini bişirir və öyrənmək istəyən hər kəsə öyrədirlər.
Könüllülər Kristina və Yuliya keçən gecə yemək festivalı üçün yemək bişiriblər.
"40 litr soyuq borş, 50 litr isti borş, iki növ tərəvəzli borş. Bizdə göbələk və lobya ilə borş da var!" – deyə, könüllü bildirib.
Könüllülər Ukrayna üçün daha çox pul toplamaq üçün Kaliforniyada, Los-Ancelesdə bu yemək festivalını təşkil ediblər. Onlar artıq ölkəyə on minlərlə dollar yardım göndəriblər və gənclərə güclü mesaj veriblər.
"Biz bu yeni nəslə dünyanın heç də pis olmadığını, kömək etmək istəyən insanların olduğunu hiss etdirmək istədik" – könüllü çalışan Yuliya qeyd edib.
Bu könüllülər kənarda qala bilməyəcəklərini deyirlər. Çoxlarının Ukraynada dostları və ya qohumları var.
"Biz sadəcə 14 dostuq. Bu, Ukrayna xalqına kömək etmək üçün təşkil etdiyimiz üçüncü ianə toplama aksiyasıdır. Həyat tamamilə dəyişib, müharibədən əvvəl bir həyat var idi, indi isə müharibədən sonrakı həyat var" – deyə, Yuliya Xomina qeyd edir.
Qalina Bondar daim ukraynalı qaçqınlarla əlaqə saxlayan könüllüdür. O, Ağ Evin “Ukrayna üçün Birlik” proqramı vasitəsilə ailələrin Ukraynadan ABŞ-a getməsinə kömək edir.
"Bir çox insan kömək axtarır. Burada sponsor kimi çıxış edə biləcək heç kim yoxdursa, onlar ABŞ-a daxil ola bilməzlər. Mən beş nəfərə – qadınlara və uşaqlı qadınlara sponsorluq etmişəm " – deyə, Qalina bildirib.
Olena Tokarevanın özü Ukraynadan qaçqındır. O deyir ki, evə zəng edəndə müharibənin çətinliyi xüsusilə ağır olur.
"Tez-tez söhbətimizin sonunda dostlarım, qohumlarım ağlamağa başlayırlar və deyirlər ki, “bir-birimizi yenə görəcəyik, elə deyilmi?” Mən isə optimist şəkildə deyirəm: “Dəli olmusan? Əlbəttə, görüşəcəyik – çoxlu planlarımız var!’ Amma telefonu söndürəndə ağlamağa başlayıram, çünki bir daha bir-birimizi görüb-görməyəcəyimizi bilmirəm..." – deyə, Olena bildirib.
Bir çox könüllü ukraynalı olsa da, aralarında xeyli ukraynalı olmayan da var.
"Mən hər kəsin başına gələnləri anlayıram. Bəlkə də həqiqətən ehtiyacı olan insanlara dəstək olmaq üçün bacardığım qədər çox vaxt ayırmalıyam" – deyə, Los Anceles sakini Arnold Li bildirib.
Könüllülər deyirlər ki, festivalların məqsədi təkcə Ukrayna üçün ianə toplamaq deyil, həm də Rusiya tərəfindən ölkəyə qarşı davam edən müharibəni diqqət mərkəzində saxlamaqdır.