Ukrayna ordusu və yerli rəsmilərinin bildirdiyinə görə, Rusiya qüvvələri şənbə günü Donetsk vilayətinin şərqindəki iki mühüm şəhərə hücuma başlayıb və Avropanın ən böyük Atom Elektrik Stansiyasının yaxınlığında yerləşən şəhər də daxil olmaqla bir neçə şəhəri raket və artilleriya atəşinə tutub.
Baxmut və Avdiivka şəhərlərinin hər ikisi Rusiyanın Ukraynanın şərqində davam edən hücumunun əsas hədəfləri hesab olunur. Təhlilçilərin fikrinə görə, Moskva Slovyansk və Kramatorsk regional mərkəzlərində irəliləmək üçün Baxmuta nəzarəti ələ keçirməlidir.
"Donetsk istiqamətində düşmən əsas səylərini Baxmut və Avdiivka istiqamətlərində cəmləşdirərək hücum əməliyyatı aparır. Onlar quru qüvvələrindən və ordu aviasiyasından istifadə edir" – deyə, Ukrayna Baş Qərargahının Facebook səhifəsində bildirilib.
Rusiyanın Slovyanska sonuncu zərbəsi iyulun 30-da olub, lakin Ukrayna qüvvələri yeni döyüşlər gözləntisi ilə şəhər ətrafında mövqelərini möhkəmləndirirlər.
"Düşünürəm ki, sakitlik uzun müddət davam etməyəcək. Əvvəl-axır hücum olacaq", - deyə, könüllü milli qvardiya alayının rəhbəri polkovnik Yuri Bereza Associated Press-ə bildirib.
Donetsk qubernatoru Pavlo Kyrylenko şənbə günü Telegram-da bildirib ki, son gün ərzində Rusiyanın Donetsk vilayətini atəşə tutması 5 dinc sakinin ölümü, 14 nəfərin yaralanması ilə nəticələnib.
Şərqi Dnepropetrovsk vilayətinin qubernatorunun sözlərinə görə Zaporojye Atom Elektrik Stansitası yaxınlığında yerləşən Nikopol şəhərinə düşən raket üç mülki sakinin xəsarət almasınə səbəb olub. Atom stansiyası müharibənin ilk günlərində Moskva qoşunları onu ələ keçirəndən bəri Rusiyanın nəzarəti altındadır.