Azərbaycanın bir sıra partiya rəhbərləri ölkənin Londondakı səfirliyinə hücumu pisləyir

Azərbaycanın Londondakı Səfirliyi (Foto səfirliyindir)

Azərbaycan Demokratiya və Rifah Partiyası avqustun 4-də Azərbaycanın Londondakı səfirliyinə radikal dini qrup tərəfindən edilən hücumu pisləyib.

"Səfirlik binası və ərazisi beynəlxalq hüquqi normalara və kovensiyalara görə toxunulmazdır və Azərbaycanın hüquqi suveren ərazisi hesab olunur. Cinayət əməli Azərbaycanın suveren ərazisi sayılan səfirlikdə baş verdiyindən cinayətkarlar Azərbaycan qanunları ilə mühakimə edilərək cəzalandırılmalıdır" - deyə bəyanatda deyilir

Partiya Azərbaycan XİN-i Böyük Britaniya hakimiyyətindən hücum iştirakçılarının Azərbaycan hakimiyyətinə təhvil verilməsini tələb etməyə çağırıb.

AXCP sədri Əli Kərimli də bu hücumu pisləyib: "Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə bir qrup dindarın hücum təşkil etməsi, səfirliyin balkonuna çıxıb, Azərbaycan bayrağını yerə atması motivindən asılı olmayaraq barbarcasına hərəkətdir və xalqımız tərəfindən hamılıqla pislənilir".

Əli Kərimli deyir ki, Azərbaycan və Böyük Britaniya hüquq mühafizə orqanlarının vəzifəsidir ki, səfirliyin basqın və bayrağın təhqir olunması ilə bağlı əməlləri hərtərəfli araşdırsın: "Bu cinayəti törədənlər və bu cinayətin sifarişçiləri məsuliyyətə cəlb olunmalıdır".

Müsavat Partiyası başqanı Arif Hacılı isə hesab edir ki, bu hücum Azərbaycan dövlətinə qarşı hücumdur: "Bu aksiyanı təşkil edənlər, onların hər hansı ölkədə, o cümlədən Azərbaycanda olan havadarları tapılıb layiq olduqları ən ağır cəzaya məhkum edilməlidi".

Xatırlatma

Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə hücuma görə 8 nəfər saxlanılıb.

Bu barədə AZƏRTAC dövlət agentliyi London polisinə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb, faktla bağlı araşdırma davam edir.

“Polis yerli vaxtla saat 16:30 radələrində bir qrup etirazçının səfirlik binasına daxil olması barədə məlumat alıb. Hadisə yerinə dərhal gələn polis 8 nəfəri səfirlik binasına qanunsuz daxil olmaqda və binaya zərər vurmaqda şübhəli bilərək saxlayıb,” məlumatda qeyd olunur.

Qeyd edək ki, səfirliyə bir qrup radikal dini dəstənin hücumu zamanı çıxarılan Azərbaycan Bayrağı yenidən yerinə bərkidilib.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov "Twitter" hesabında bildirib ki, Azərbaycanın Böyük Britaniyadakı Səfirliyinə Londonda fəaliyyət göstərən radikalların hücumu qəbuledilməzdir.

"Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə Londonda fəaliyyət göstərən radikalların hücumu qəbuledilməz və barbarcasınadır. Bu, diplomatik binanın toxunulmazlığı prinsipini birbaşa pozub. Mən hazırda Bakıdayam və şadam ki, bizim həmkarlarımız təhdidə rəğmən təhlükəsizlikdədirlər," səfir qeyd edib.

Böyük Britaniyanın Azzərbaycandakı Səfriliyi də Azərbaycanın Londandakı Səfirliyində avqustun 4-dəbaş verən insidentlə bağlı açıqlama yayıb.

Sənəddə deyilir ki, Böyük Britaniya Azərbaycanın Londondakı səfirliyinə daxil olan etirazçıların hərəkətlərini pisləyir və hal-hazırda bu məsələ ilə bağlı hərtərəfli araşdırma aparır.

“Polis binanın içərisindəki səfirliyin əməkdaşlarını təhlükəsiz şəkildə təxliyə edib, daha sonra etirazçıları oradan uzaqlaşdırıb. 8 nəfər həbs edilib. Böyük Britaniya ölkədəki diplomatik nümayəndəliklərin qorunmasına zəmanət vermək öhdəliyinə ciddi yanaşır və polis müvafiq təhlükəsizlik tədbirlərinin görülməsini təmin etmək üçün Azərbaycan Səfirliyi ilə əlaqə saxlayır,” səfirliyin açıqlamasında deyilir.

Britaniyanın Metro qəzeti səfirliyə hücum edən şəxslərin “Mehdinin xidmətçiləri” Birliyinin üzvləri olduğunu yazıb.

"Şiə təriqətinə mənsub, Londonda mənzillənən “Mehdinin xidmətçiləri’” Birliyinin ("The Mahdi Servants Union") saytında bildirilir ki, onlar İmam Mehdinin zühuruna hazırlaşan müsəlmanları birləşdirir. Onlar buna “İslam Rafizi dəyərlərinə uyğun imanla irəliləmək və şiə sivilizasiyasının dominantlığına nail olmaqla” hazırlaşırlar,” saytda vurğulanıb.

Qəzet yazır ki, birliyin lideri Yasser Al-Habibin “Cənnət xanımı” filmi ilk dəfə Məhəmməd Peyğəmbərin üzünü göstərən film kimi xarakterizə olunur. Film peyğəmbərin qızı Fatimə haqqında olsa da, əsasən İmam Əlidən bəhs edir. Sünni müsəlmanlar filmin təhriflərə yer verdiyini deyərək, onun kinoteatrlardan qaldırılmasını tələb edib.

Qrupla əlaqəsi olan üzvlər Azərbaycan hökumətinin bəzi şiə müsəlmanlarını “təqib etdiyini" iddia ediblər.

“Qrupun bəyanatında deyilir ki, Azərbaycan prezidenti İlham Əliyevə qarşı “təcili tədbir görülməsi” üçün rəhbərləri tərəfindən göstəriş verilib,” Metro qəzeti yazıb.

Əslən Küveytdən olan Əl-Həbib Böyük Britaniyada sığınacaq alıb və Buckinghamshire-də məscid idarə edir.

İranın Londondakı səfirliyi daha əvvəl 2018-ci ildə qrupu onun əmlakına hücumda ittiham edib, Metro qəzeti yazır.