Avqustun 5-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə (XİN) çağırılaraq ölkənin Londondakı səfirliyinə hücumla bağlı "qəti etiraz" bildirilib.
XİN-in Mətbuat xidməti idarəsinin məlumatında deyilir ki, bu təxribatın diplomatik nümayəndəliyin təhlükəsizliyinin təminatı məsələsini ciddi şəkildə üzə çıxardığını və ev sahibi ölkəsinin beynəlxalq hüquqi öhdəliklərinə uyğun olaraq təhlükəsizlik tədbirlərini görməli olduğu qarşı tərəfin diqqətinə çatdırılıb.
“Belə halların bir daha təkrarlanmayacağına dair qarşı tərəfdən zəmanət tələb edilib. Baş vermiş vandallıq aktı ilə bağlı Birləşmiş Krallığın müvafiq qurumları tərəfindən hərtərəfli istintaq araşdırmasının aparılması və cavabdeh şəxslərin məsuliyyətə cəlb edilməsi tələbi səsləndirilib,” məlumatda qeyd edilir.
Mətbuat xidməti idarəsi bildirir ki, müvəqqəti işlər vəkili baş vermiş hadisə ilə bağlı dərin təəssüf hissi və narahatlıqlarını ifadə edib. Hadisə ilə bağlı istintaqın aparıldığı bildirilib.
Avqustun 4-də Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb.
Radikal qrup səfirliyin binasına daxil olaraq binanın eyvanında dini bayraqlar qaldıraraq, radikal dini şüarlar səsləndiriblər. Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb və saxlanılıb. Hadisə nəticəsində səfirliyin əməkdaşları xəsarət almayıb.
Rəsmi məlumatlara görə, radikal dini qrupun 8 üzvü polis tərəfindən saxlanılıb.
Britaniyanın Metro qəzeti səfirliyə hücum edən şəxslərin “Mehdinin xidmətçiləri” Birliyinin üzvləri olduğunu yazıb.
Qəzet yazır ki, birliyin lideri Yasser Al-Habibin “Cənnət xanımı” filmi ilk dəfə Məhəmməd Peyğəmbərin üzünü göstərən film kimi xarakterizə olunur. Film peyğəmbərin qızı Fatimə haqqında olsa da, əsasən İmam Əlidən bəhs edir. Sünni müsəlmanlar filmin təhriflərə yer verdiyini deyərək, onun kinoteatrlardan qaldırılmasını tələb edib.
Qrupla əlaqəsi olan üzvlər Azərbaycan hökumətinin bəzi şiə müsəlmanlarını “təqib etdiyini" iddia ediblər.
"Qrupun bəyanatında deyilir ki, Azərbaycan prezidenti İlham Əliyevə qarşı “təcili tədbir görülməsi” üçün rəhbərləri tərəfindən göstəriş verilib,” Metro qəzeti yazıb.
Əslən Küveytdən olan Əl-Həbib Böyük Britaniyada sığınacaq alıb və Buckinghamshire-də məscid idarə edir.