Azərbaycandan Ukraynaya növbəti dəfə humanitar yardım göndərilir.
Bakı və Gəncə şəhərləri Ukraynaya ərzaq məhsullarından ibarət humanitar yardım göndərir.
Ümumi çəkisi 101 ton olan humanitar yardıma saxlama müddəti uzun olan qida məhsulları (konservlər, dənli bitkilər, quru qidalar, çay və s.) daxildir.
Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski jurnalistlərə deyib ki, bu “Silk Way” şirkəti tərəfindən həyata keçirilən sayca 10-cu reysidir.
“Bu aylar ərzində Azərbaycanın Ukraynaya humanitar yardımından on minlərlə vətəndaş istifadə edib. Buna görə təşəkkürümü bildirirəm” deyə səfir deyib.
Öz növbəsində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının müavini Adil Tağıyev jurnalistlərə açıqlamasında deyib ki, Gəncə adından 35 ton, əsasən ərzaq məhsulları olmaqla Ukraynaya humanitar yardım göndərilir.
Polşanın Varşava hava limanına təyyarə ilə çatdırılacaq humanitar yük bu gün saat 16:30-da Ukraynanın Azərbaycandakı səfiri, Bakı və Gəncə şəhərləri icra hakimiyyətlərinin nümayəndələrinin iştirakı ilə Heydər Əliyev adına Beynəlxalq Hava Limanından yola salınacaq.
Xatırlatma
Bundan əvvəl Azərbaycan hökuməti, Ukrayna xalqına humanitar yardım məqsədilə dərman vasitələri, tibbi avadanlıq, tibbi sərf və ləvazimat malları, eləcə də ərzaq məhsulları və uşaq qidasından ibarət 807 tonluq humanitar yüklər göndərilib.