ABŞ dövlət katibi Antoni Blinken iyulun 25-də Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan ilə danışıb. Dövlət Departamentinin sözçüsü Ned Praysın bildirdiyinə görə, Blinken ölkə rəhbərləri ilə danışıqları zamanı Azərbaycan və Ermənistanın sülhə nail olmaq üçün "tarixi fürsəti" müzakirə edib. ATƏT-in Minsk qrupunun keçmiş amerikalı həmsədri Ceyms Uorlik Amerikanın Səsinə müsahibədə ABŞ-ın Azərbaycanla Ermənistan arasında sülhün təmin olunmasına dəstəyini, habelə Birləşmiş Ştatların regiondakı maraqlarını şərh edib.
Amerikanın Səsi: Səfir Uorlik, ABŞ dövlət katibi Antoni Blinken ötən həftə Ermənistan və Azərbaycan liderləri ilə telefon danışıqları aparıb və regionda davamlı sülhü təmin etmək üçün "tarixi fürsət"ə ABŞ-ın dəstəyəni təklif edib. Birləşmiş Ştatlar bu ölkələrə nə cür dəstək verə bilər?
SEE ALSO: Blinken Əliyev və Paşinyanla danışaraq, sülhə nail olmaq üçün “tarixi fürsəti” müzakirə edib
Ceyms Uorlik: Birləşmiş Ştatlar uzun illərdir ki, Cənubi Qafqazda davamlı sülhün əldə olunmasında maraqlıdır və indi Ermənistan və Azərbaycan üçün uzunmüddətli həll yolu tapmaq imkanı var. Bu, heç vaxt asan olmayıb. Gələcəkdə də asan olmayacaq. Lakin bu iki ölkənin liderlərinin regionun layiq olduğu razılığa nail olmaq üçün bir araya gəlməsi və bir yol tapması vacibdir.
Amerikanın Səsi: Sizcə ABŞ-ın tərəflər arasında sülhün təmin olunması yolundakı öncəki səyləri nə üçün nəticə verməyib?
Ceyms Uorlik: Mən bunun ABŞ və ya başqa bir ölkədən asılı olduğunu düşünmürəm. Məncə sülhü təmin etmək üçün lazım olan çətin qərarları Ermənistan və Azərbaycan liderləri qəbul edə bilməyiblər. İndi bunun üçün fürsət var. Görürsünüz ki, bölgədə münaqişələr, atışmalar davam edir. Onların necə baş verdiyini, kimin məsuliyyət daşıdığını bilmək çətindir. Amma mən hesab edirəm ki, beynəlxalq ictimaiyyətin indi cəlb olunması və iki liderin sülh əldə ətmək vaxtının gəldiyinə dair qərar qəbul etməsi vacibdir. Buna alternativ nədir? Daha çox münaqişəmi?
Mən həmçinin inanmıram ki, nə Ermənistan nə də Azərbaycan, həqiqətən də, bu məsələnin Moskva və Rusiya sülhməramlıları tərəfindən həll olunmasını istəyir.
Hesab edirəm ki, bu iki liderin həll yolu tapmaq üçün beynəlxalq ictimiayyətə üz tutmaq öhdəliyi var. Bildiyimiz kimi, bunun bir çox elementləri var, və onlar çətindir. Amma bunu üçün ən yaxşı vaxt indidir. Əks halda, biz münaqişə görməyə davam edəcəyik.
Amerikanın Səsi: ABŞ, Rusiya və Fransa Ermənistanla Azərbaycan arasında sülhü təmin etmək məqsədilə yaradılan Minsk Qrupunun həmsədr ölkələridir. Qrup son 30 il hər hansı irəliləyiş əldə edə bilmədiyinə görə tənqid olunub. Minsk Qrupunun keçmiş amerikalı həmsədri olaraq, dövlət katibi Blinkenin telefon zənglərini və Rusiyanın mövcud durumunu nəzərə aldıqda, sizcə ABŞ dəstəyinə Minsk Qrupu çərçivəsindəmi davam edəcək, yoxsa Minsk Qrupunun artıq əhəmiyyətini itirdiyini demək olarmı?
SEE ALSO: Pol Qobl: Ümid edirəm ki, Blinkenin iki liderlə qurduğu əlaqə ABŞ-ın Cənubi Qafqazda daha çox səy göstərmək niyyətinin sübutudur
Ceyms Uorlik: Mən hesab edirəm ki, Minsk Qrupu hələ də rol oynaya bilər. Bu rolun davam etməsini istəyib-istəmədiklərinə Ermənistan və Azərbaycan liderləri qərar verə bilər. Minsk Qrupu və onun həmsədrləri olmasa, bəlkə də son vaxtlar regionda rol oynayan Avropa İttifaqı bunu edə bilər.
Formula nə olursa olsun, mən sadəcə hesab edirəm ki, beynəlxalq ictimaiyyət bununla məşğul olmalıdır. Məncə Moskva regionda hələ də mühüm rol oynayır, ancaq yeganə rolu o oynamır. Minsk Qrupu işləyə bilər, çünki burada ABŞ, Fransa və Rusiya razılığa nail olmaq üçün koordinasiyalı şəkildə hərəkət edir.
Bu rolu Avropa Birliyi də asanlıqla oynaya bilər. Bununla bağlı yeganə problem rusların həmin danışıqlarda iştirak etməməsidir. Və xoşumuza gəlsə də, gəlməsə də, rus sülhməramlıları oradadır və mövcud vəziyyətin yaranmasında Rusiyanın böyük rolu var.
Mən hesab edirəm ki, istər Minsk Qrupu, istərsə də Avropa İttifaqı və ya daha geniş mənada ATƏT kimi başqa vasitələrlə bu cür diplomatiya üçün imkan var.
Amerikanın Səsi: Sizcə ABŞ-ın regiondakı daha geniş maraqları nədir?
Ceyms Uorlik: Əlbəttə var. İnsanlar çox şeyə işarə edir və hazırda siyahının başında enerji gəlir. Amma məsələ təkcə enerjidə deyil. Düşünürəm ki, ABŞ-ın, ortaq tarixçəsi səbəbilə, Ermənistanla xüsusi əlaqələri var. Bizim Azərbaycanla da çox sıx əməkdaşlıq etdiyimiz sahələri var və buna təkcə enerji daxil deyil. Məsələn, terrorla mübarizə var.
Düşünürəm ki, ABŞ Cənubi Qafqazın sabit və demokratik olmasını, bu ölkələrin liderlərinin azad şəkildə seçildiyini görməkdə maraqlıdır.
Düşünürəm ki, əgər belə olarsa, bu, təkcə sabitlik deyil, həm də rifah gətirəcək. Bilirsiniz, Ermənistan və Azərbaycan xalqı daha çox şeyə layiqdir. Onlar sülh və sabitlik içində yaşamağa, eyni zamanda sülh və davamlı həll yolunun gətirəcəyi rifah içində yaşamağa layiqdirlər. Ümid edirəm ki, bu, gec-tez baş verə bilər. Mən hesab edirəm ki, dövlət katibi Blinken buna nail olmaq istəyir. Minsk Qrupunun da yeni amerikanlı həmsədri var və məncə, bu, Birləşmiş Ştatların əlaqəni davam etdirmək istədiyinə işarədir.