Nensi Pelosi Pekinin təhdidlərinə baxmayaraq Tayvana gəlib

Tayvan Xarici İşlər Nazirliyi tərəfindən yayımlanan bu foto şəkildə ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Tayvanın Xarici İşlər Naziri Cozef Vu ilə birlikdə Taypey hava limanında göstərilir, 2 avqust 2022.

Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin başçılıq etdiyi ABŞ Konqresinin nümayəndə heyəti səfərə hərbi cavab veriləcəyi ilə hədələyən Çinin xəbərdarlıqlarına baxmayaraq, çərşənbə axşamı Tayvana gəlib.

Pelosinin başçılıq etdiyi nümayəndə heyəti yerli vaxtla saat 23:00-da Taypey Sonşan hava limanına yetişib. Nümayəndə heyəti Tayvan rəsmiləri tərəfindən qarşılanıb.

"Konqres nümayəndə heyətimizin Tayvana səfəri Amerikanın Tayvanın dinamik demokratiyasını dəstəkləmək üzrə sarsılmaz öhdəliyini nümayiş etdirir," Pelosi gəlişindən sonra yaydığı bəyanatda bildirib.

"Bizim səfərimiz Konqresin Tayvana bir neçə nümayəndə heyətinin səfərlərindən biridir və bu, Birləşmiş Ştatların uzun müddətdir davam edən siyasətinə heç bir şəkildə zidd deyil," o bildirib.

Yerli mətbuatın verdiyi məlumata görə, Pelosinin çərşənbə günü Tayvan prezidenti Tsai İnq-ven və digər yüksək səviyyəli qanunvericilərlə görüşəcəyi gözlənilir.

Mediada bir neçə həftədir Çinin tanınmış tənqidçisi olan Pelosinin Tayvanda dayanıb-dayanmayacağı ilə bağlı məlumatlar verilib.

Çin Pelosinin Tayvana səfərinin özünü idarə edən ada üzərində iddia etdiyi suverenliyinin qəbuledilməz pozulması olacağı barədə xəbərdarlıq edib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunying çərşənbə axşamı ehtimal edilən səfəri "düşüncəsiz, təhlükəli və lazımsız macəra" adlandırıb.

"Daha ehtiyatsız və təxribatçı bir hərəkəti təsəvvür etmək çətindir" Hua gündəlik brifinqdə deyib.

ABŞ Konqresinin nümayəndə heyətləri mütəmadi olaraq Tayvana səfər etsə də, Çin Tayvan boğazında böyük böhran qorxusunu artıraraq, “güclü” cavab veriləcəyi barədə xəbərdarlıq edib.

Reuters xəbər agentliyinin adı açıqlanmayan mənbəyə istinadən bildirdiyinə görə, çərşənbə axşamı səhər saatlarında Çinin bir neçə döyüş təyyarəsi və hərbi gəmisi Tayvan boğazındakı orta xəttə yaxınlaşıb.

Mənbə bildirib ki, Çin təyyarələri “təxribatçı” taktiki manevrlər edərək, qeyri-rəsmi ayırıcı xəttə qısa “toxunaraq” boğazın o biri tərəfinə qayıdıblar. Reuters agentliyi əlavə edib ki, Tayvan vəziyyətə nəzarət etmək üçün həmin əraziyə təyyarə göndərib.

Ağ Ev rəsmiləri bazar ertəsi Pelosinin səfərini təsdiqləməkdən imtina etsələr də, Çini hər hansı hərbi təxribatdan çəkinməyə çağırıblar.