1 avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür.
Tarixi mənbələrə görə, Azərbaycanda uzun müddət ərəb əlifbasından istifadə olunub. Yalnız 19-cu əsrdə Mirzə Fətəli Axundzadə başda olmaqla dövrün mütərəqqi maarifçi ziyalıları əlifba islahatı keçirmək ideyasını irəli sürüb. Lakin o vaxt bu ideyanı həyata keçirmək mümkün olmayıb.
1922-ci ildə Azərbaycan hökumətinin qərarı ilə Yeni Əlifba Komitəsi yaradılıb. Bu Komitəyə Azərbaycan (türk) dili üçün latın qrafikalı əlifba tərtib etmək tapşırığı verilib. Bu yeni əlifbaya keçilməsi yolunda atılmış ilk ciddi addım olub.
1926-cı ildə keçirilmiş Birinci Ümumittifaq Türkoloji Qurultayın tövsiyəsinə əsasən 1929-cu il yanvarın 1-dən etibarən Azərbaycanda kütləvi şəkildə latın qrafikalı əlifba tətbiq edilib. Lakin Türkiyə Cümhuriyyətində də latın qrafikalı əlifbaya keçilməsi və bunun nəticəsində keçmiş SSRİ-də və xaricdə yaşayan türk xalqları arasında mədəni əlaqələrin güclənməsi qorxusu Sovet İtifaqı rəhbərliyində Azərbaycan əlifbasının yenidən dəyişdirilməsi planlarını yaradıb.
1940-cı il yanvarın 1-dən kiril qrafikalı əlifbaya keçmək haqqında qərar qəbul olunub. Sonralar kiril qrafikasının Azərbaycan dilinin fonetik səs sisteminə uyğunlaşdırılması üçün Azərbaycan kiril qrafikasında müəyyən dəyişikliklər aparılıb.
1990-ci ildən Azərbaycanda yenidən latın qrafikalı əlifbaya keçidlə bağlı təşəbbüslər irəli sürülməyə başlanılıb.
1 avqust 1990-cı ildə Azərbaycan Əlifba Komissiyası yaradılıb. Azərbaycan Əlifba Komissiyasının tərtib etdiyi yeni əlifba 1992-ci ildə təsdiq edilib və tətbiq edilməyə başlanılıb. Nəticədə 1992-ci ildə latın qrafikalı Azərbaycan əlifbasının tətbiqi barədə Qanun qəbul olunub. 2001-ci ildə latın qrafikalı Azərbaycan əlifbasına keçid başa çatdırılıb. Prezidenti Heydər Əliyev 2001-ci il avqustun 9-da imzaladığı fərmanla avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan dili Günü elan edilib.
“Dövlət dili haqqında” qanunda deyilir ki, dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, dövlət qurumlarının keçirdiyi bütün rəsmi mərasim və tədbirlər Azərbaycan Respublikasının dövlət dilində aparılmalıdır. Həmçinin qanuna görə, Azərbaycan Respublikasında təhsil dövlət dilində aparılır.
Bununla yanaşı müşahidəçilər hesab edir ki, bəzi hallarda dövlət qurumlarında qanunun normaları hələ də pozulur. Bəzi dövlət qurumlarında iş zamanı danışıqlar digər dildə aparılır. Bu günlərdə hətta bir nazirlikdə Rusiya naziri ilə birgə mətbuat konfransı rus dilində keçirilib.
Tarix elmləri doktoru Solmaz Rüstəmova-Tohidi Amerikanın Səsinə müsahibəsində Azərbaycan Əlifbası və Azərbaycan dili Gününün qeyd edilməsini müsbət hadisə kimi qeyd edib.
“Azərbaycan dili dövlət dili olanadək müxtəlif mərhələlərdən keçib. Azərbaycan xalqının indi konstitusiyada təsbit olunmuş dövlət dili var, öz əlifbası, öz mediası var. Xalqımıza öz dilində danışması üçün geniş şərait yaradılıb.”
Azərbaycan xalqının öz dilindən necə istifadə etməsindən danışarkən o qeyd edib ki, burada müəyyən problemlər var.
“Ədəbi dilin işləməsində indi problemlər var. Sovet dövründə əbəbi dilin işlənməsi indikindən yaxşı idi. Çünki ləhcələr, şivələr ədəbi dildən uzaqlaşdırılırdı. İnsanlar yüksək Azərbaycan ədəbi dilində danışırdı.”
Solmaz Rüstəmova-Tohidi ölkədə rus dilində məktəblərin çoxluğundan danışarkən deyib ki, Azərbaycan dilinin geniş işlənməsinə bütün şəraitin yaradıldığı bir zamanda əhalinin yenidən rus dilinə qayıdışının müəyyən səbəbləri var.
“Bu əsasən Azərbaycanın uzun müddət Rusiyanın müstəmləkəsi olması və Azərbaycan ziyalılarının əksəriyətinin rusdilli olması amilləri ilə bağlıdır. Cümhuriyyət dövründə bizim böyük xadimlərimiz də rusdilli idilər. Çünki o dildə təhsil almışdılar. O zaman da belə bir ənənə var idi. Sovet dövründə də kommunist ideologiyasının vahid dili kimi rus dili işlənilib.”
Elmlər doktoru deyib ki, artıq Azərbaycan müstəqüilliynin 30 illiyini yaşadığı bir dövrdə hətta ailə üzvlərinin hamısı Azərbaycan dilində təhsil alan ailələrin uşaqlarını rus dilli məktəblərə qoyması başa düşülən deyil.
“Azərbaycan hökumətinin rus dilində təhsilə loyal baxması, təbii ki, Rusiya ilə çox mürəkkəb olan münasibətlərimizdən asılıdır. Bu məsələni indiki zamanda həll etmək təbii ki, mümkün deyil. Amma, hökumət heç kimi məcbur etmir ki, apar uşağını rus dilli məktəbdə oxut. Bu, sanki bir dəbdir.”
Alim hesab edir ki, ölkədə rus dilində oxuyanların Azərbaycan dilində oxuyanlardan daha üstün biliyə malik olması, rusdillilərin daha yaxşı iş tapması ilə bağlı bir ənənə formalaşıb.
“Dövlətin bu qədər dil siyasətinin müqabilində azərbaycanlıların öz dilinə bu qədər etinasızlığı, öz dilində danışmamasının kökündə öz dilində danışmaq ləyaqətini anlamaması, öz dilində danışmaq üstünlüyünü görməməsi ilə bağlıdır. İnsanların öz dilində danışmaması, yad dillərin qarşısında təzim etməsi, öz dilindən daha üstün tutmasə həm də subyektiv faktordur.”
O Azərbaycan dilindən və Azərbaycan əlifbasından İranda və Azərbaycanda yaşayan azərbaycanlıların istifadəsi ilə bağlı sualın cavabında deyib ki, İranda Azərbaycan dilində təhsil yoxdur.
“İranda bəzi universitetlərdə Azərbaycan dili tədris edilir. Azərbaycan Respublikasında Elmlər Akademiyasında Azərbaycan dilini dərindən tədqiq edən institut fəaliyyət göstərir. İranda isə Azərbaycan dilinin geniş miqyasda öyrənilməsi ilə bağlı dövlətin siyasəti yoxdur. İranda Azərbaycan xalqı öz ana dilini öz aralarında danışıqlarda, ailəsində, məişətində yaşadır. İranda yaşayan azərbaycanlılar arasında da çox arzuolunmaz prosieslər gedir. Azərbaycan məktəbləri olmadığından, bir çox ailələrdə analar öz uşaqları ilə ana dilində deyil, farsca danışır. Soruşanda da deyirlər ki, uşaq məktəbdə fars dilində oxuyacaq.”
Solmaz Rüstəmova-Tohidi deyib ki, İranda da, Azərbaycan Respublikasında da yaşayan insanlar birlikdə Azərbaycan xalqıdır.
“Böyük Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Cümhuriyyətini yaradanda İrandan bu ada böyük etirazlr olub. Rəsulzadə bildirib ki, Arazın o tayında da (İran Azərbaycanı-red), bu tayında da yaşayan insanlar Azərbaycan xalqıdır və Azərbaycan dilində danışır. Məhz dil faktotunu irəli çəkərək cümhuriyyətin adını Azərbaycvan qoyub.”
O İranda yaşayan azərbaycanlılarla Azərbaycan Respublikasında yaşayan azərbaycanlıların ana dilində danışmasını müqayisə edərək deyib:
“Azərbaycan Respublikasında ana dilindən istifadəyə bu qədər geniş şərait yaradıldığı halda bizdə bir çoxları öz dilində danışmaq istəmir. Amma, İranda ana dilindən istifadəyə bu qədər çox məhdudiyyətlər olduğu halda orada yaşayan azərbaycanlılar mübraizəsi ilə, milli şüuru ilə öz dilini yaşadır və istifadə edir,” alim qeyd edib.