Qərbi Azərbaycan valisi: “Biz mədən sektorunda zəngin bir vilayətik, amma bu sərvətdən istifadə olunmayıb”

Qərbi Azərbaycan valisi Məhəmməd Sadiq Motəmediyan Sənaye, Mədən və Ticarət nazirinin müavini ilə valiliyin binasında keçirilən görüşdə bildirib ki, bu vilayət ölkənin külçə qızılının 38%-ni istehsal edir.

Qərbi Azərbaycan valiliyinin rəsmi saytında dərc olunan xəbərə görə, Məhəmməd Sadiq Mötəmediyan Urmiyədə Sənaye, Mədən və Ticarət nazirinin müavini ilə görüşüb və bu vilayətin mədən sənayesinin öncüllüyü barədə məlumat verib. Belə ki, o, mədən sənayesinin bu vilayətdə builki iqtisadi artımın hərəkətverici qüvvəsi olduğunu qeyd edib və bu il üçün bu sənaye sahəsində artım tempinin 9 faiz olduğunu bildirib.

Bundan əvvəl vilayət rəsmiləri ölkədə qızıl istehsalının 30-35%-nin Qərbi Azərbaycanda olduğunu və bu miqdardan ən böyük payın Tikantəpənin Zərşoran qızıl mədəninə aid olduğunu açıqlamışdı.

Bununla belə, Qərbi Azərbaycan valisi cənab Motəmediyan vilayətdə mədən sənayesinin məşğulluq və əlavə dəyərinin müvafiq olaraq, 1 və 0.05 faiz olduğunu açıqlayıb və deyib ki, “biz zəngin bir vilayətik, xüsusilə mədən sektorunda, amma bu sərvətdən istifadə olunmayıb”.

Bununla yanaşı, o, hökumətin vilayətin cənubunda mədən kəşfiyyatı əməliyyatları ilə bağlı gələcək planlarını izah edib.

Ötən ilin mayında Qərbi Azərbaycan Valiliyinin rəsmi saytında dərc olunan xəbərə görə, öncəki hökumətin Sənaye, Mədən və Ticarət naziri Əlirza Rəzm Hüseyni bu vilayətə səfəri zamanı Tikantəpə (Tekab) qızıl mədəni haqqında demişdi ki, mədənlər “balanslaşdırılmış regional inkişaf” çərçivəsində fəaliyyət göstərməlidir və elə olmamalıdır ki, qızıl ölkənin müxtəlif bölgələrindəki mədənlərdə hasil edilsin və brendinq prosesi və onun köməkçi sənayeləri Qum və Tehran da daxil olmaqla digər şəhərlərdə həyata keçirilsin”.

Rəsmi açıqladığı məlumata görə, Qərbi Azərbaycan vilayətində üç qızıl mədəni var və bu vilayətdə dünya qızılının 0,5% ehtiyatları mövcuddur.