Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü ixrac edilən taxılı daşıyan ilk gəminin Ukraynanı avqustun 1-də tərk etməsi ehtimalının yüksək olduğunu bildirib.
“Əgər bütün (detallar) sabaha qədər tamamlanarsa, ilk gəminin sabah limanı tərk etmə ehtimalı yüksəkdir,” İbrahim Kalın iyulun 31-də Türkiyənin Kanal 7 televiziyasına müsahibədə deyib.
“Gəmilərin ən geci ertəsi gün limanları tərk etdiyini görəcəyik,” o bildirib.
Ukrayna prezidenti Volodimir Zelenski bu həftənin əvvəlində Ukraynanın cənub limanlarından milyonlarla ton taxılı daşımağa hazır olduğunu və daşımalara nəzarət etməyə razılaşan Türkiyə və BMT-nin əməliyyata başlamasını gözlədiyini bildirib.
Kyiev və Moskva iyulun 22-də Türkiyə və BMT ilə Rusiyanın fevralın sonlarında Ukraynaya müdaxiləsindən sonra Ukraynanın blokadada olan üç limanı – Odesa, Çornomorsk və Yujne limanlarını azad etmək barədə saziş imzalayıblar.
Müqavilə dünyanın böyük bir hissəsinin ciddi ərzaq böhranı astanasında olduğu zaman milyonlarla ton taxılın və gübrələrin daşınmasına yol açıb.
Ukrayna və Rusiya dünyanın iki ən böyük taxıl ixracatçısıdır.
Zelenski iyulun 31-də Twitter səhifəsində yazıb ki, Rusiya ilə davam edən müharibə səbəbindən Ukraynanın taxıl yığımı bu il adi məhsulun yarısı qədər ola bilər.
“Ukraynada bu il məhsulun yarıya enmək təhlükəsi var,” Zelenski ingilis dilində yazıb.
“Əsas məqsədimiz Rusiyanın işğalı nəticəsində yaranan qlobal ərzaq böhranının qarşısını almaqdır. Taxılın alternativ tədarük üsulu tapılır” - deyə o əlavə edib.
Ukraynanın cənubunda liman şəhəri Mikolayevdə iyulun 30-u gecə və bazar günü səhər tezdən baş verən atışma nəticəsində Ukraynanın ən böyük taxıl istehsal və ixrac edən şirkətlərindən birinin sahibi həlak olub.
Mikolayev şəhərinin qubernatoru Vitali Kim Telegram kanalında bildirib ki, onların evlərinin atəşə tutulması nəticəsində “Nibulon” kənd təsərrüfatı şirkətinin təsisçisi və sahibi Aleksey Vadaturski və onun həyat yoldaşı həlak olub.
Baş ofisi Rusiyanın işğal etdiyi Xerson vilayəti ilə həmsərhəd olan strateji əhəmiyyətə malik Mikolaevdə yerləşən “Nibulon” şirkəti buğda, arpa və qarğıdalı istehsalı və ixracı üzrə ixtisaslaşıb. Şirkətin öz donanması və gəmiqayırma zavodu var.
Prezident Zelenski Vadaturskinin ölümünü “Ukrayna üçün böyük itki” adlandırıb.