Ukrayna qüvvələri ölkənin cənubunda strateji əhəmiyyətli körpüyə zərbə endiriblər. Əraziya Rusiya tərəfindən təyin edilən rəsminin sözlərinə görə, zərbə ABŞ-ın Ukraynaya göndərdiyi raket sistemi ilə həyata keçirilib.
Dnepr çayı üzərindən keçən Antonovski körpüsü Ukrayna tərəfinin zərbəsindən sonra çərşənbə günü bağlanıb.
Xerson vilayətinin Rusiya tərəfindən təyin edilmiş administrasiya rəhbərinin müavini Kirill Stremousov deyib ki, körpü çərşənbə axşamı zərbəsi nəticəsində dağılmasa da, körpünün yol hissəsi çuxurlarla doludur.
Stremousov bildirib ki, Ukrayna qüvvələri zərbəni həyata keçirmək üçün Yüksək Hərəkətli Artilleriya Raket Sistemindən (HIMARS) istifadə edib.
Bu körpü Rusiyaya Ukraynanın cənubundakı qüvvələrini təchiz etməyə imkan verən əsas xətdir.
Ukrayna prezidenti Volodimir Zelenskinin müşaviri Mixaylo Podolyak çərşənbə günü Twitter vasitəsilə körpü zərbələrini qeyd edərək, bunu Rusiya qüvvələrinin xəbərdarlıq kimi qəbul etməli olduqlarını bildirib.
Podolyak əlavə edib ki, ruslar ya "çayı üzərək keçməyi öyrənməli", ya da "nə qədər ki gec deyil Xersonu tərk etməlidirlər".