İyulun 26-da feminist fəallar Bakının Mərkəzi Park adlanan ərazisində “Uşaqları qoru, təcavüzçünü ədalətli cəzalandır” yazılı banner asıblar. Onlar bildirib ki, etiraz aksiyasının məqsədi azyaşlı uşaqlara qarşı törədilən cinsi zorakılıq və istismara diqqət çəkməkdir.
Feminist fəalların sözlərinə görə, “son dövrlərdə azyaşlılara qarşı cinsi zorakılıq mövzusunda ən azı 4 hadisəyə baxmayaraq, cinayət törədən şəxslərin yetərincə cəzalandırılmayıb”.
“Sabah Sənay Yağmurun işi üzrə məhkəmə iclasıdır və artıq hökm çıxarılmaq üzrədir. Bizim ciddi şübhələrimiz var, danışıqlar aparılıb, həmin şəxsə daha az endirimli cəza verilməsi nəzərdə tutulur ki, o qısa müddətdə azadlığa çıxsın. Biz də buna etiraz etmək üçün aksiyanı keçirmişik,” adının çəkilməsini istəməyən aksiya təşkilatçılarından biri Amerikanın Səsinə bildirib.
Feministlər bundan əlavə 3 hadisəyə də diqqət çəkmək niyyətində olduqlarını deyirlər.
“Digəri Şəkidə olan qadındır, hazırda onun 21 yaşı var, amma o dediyinə görə o, 12 yaşından cinsi zorakılığa məruz qalıb. Ona qarşı cinayət törədən şəxs 1-2 gün sonra azadlığa buraxılıb. Digəri Bərdədəki hadisədir ki, əvvəl cinayətkar bəraət almışdı, lakin ictimai təzyiqlərdən sonra 1 il iş verildi. Biz həmin 1 illə də razı deyilik, maksimal hədd verilməli idi. Dördüncüsü isə hazırda Nizami Rayon Polis İdarəsində olan məsələdir, 14 yaşında qıza cinsi zorakılıq edən 65 yaşlı bir kişi var. Polis məsələni araşdırarkən, cinayətkarı tutmaq əvəzinə zərərçəkənin anasına lazımsız suallar ünvanlayıb, həmçinin bu məsələnin bağlanmasını, qızın gələcəyinə bu işin problem olacağını deyib. Ümumiyyətlə bu problemə diqqətini çəkmək istəyirik ki, hökumət azyaşlı uşaqları qorumalıdır”, deyə etirazçılar bildirib.
Fəalların səsləndirdiyi məsələlərlə bağlı hələlik rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Bundan öncə iyulun 22-də fəallar məhkəmənin ədalətli qərar verəcəyinə etibar etmədiklərini deyərək, Prezident Administrasiyasının qarşısında “Təcavüzçünü qoruma!”, “Güzəşt etmə”, “Cinayətkarı qoruma, ədalətli cəza ver” şüarları ilə aksiya keçiriblər.
Fəallar Sənay Yağmura təcavüz etməkdə təqsirləndirilən Əsgər Ağazadəyə dövlət ittihamçısının 7 il cəza istəməsindən narazı qaldıqlarını bildiriblər.
Növbəti məhkəmə prosesi iyulun 27-ə təyin olunub.