Qırğızıstan Respublikasının İssık-Kul vilayətinin Çolpon-Ata şəhərində Türk Dövlətləri Xüsusi Xidmət Orqanları Konfransının 24-cü iclası keçirilir.
İclasda terrorçuluğa qarşı birgə mübarizə məsələsi müzakirə olunur.
Qırğızıstan Prezidentinin rəsmi internet saytının məlumatına görə, toplantıda Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev və Xarici Kəşfiyyat Xidmətinin rəis müavini Samir İsmayılov, Qırğız Milli Təhlükəsizlik Dövlət Xidmətinin rəisi Kamçıbek Taşıyev, Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin rəisi Yermek Sagimbayev, Türkiyə Milli Kəşfiyyat İdarəsinin rəisi Hakan Fidan, Özbəkistan Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Abdusalom Əzizov iştirak edir.
İyulun 26-da Qırğızıstan prezidenti Sadır Japarov Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanlarının 24-cü Konfransının nümayəndə heyətlərinin rəhbərlərini qəbul edib.
Prezidenti Japarov vurğulayıb ki, konfrans təhlükəsizlik sahəsində əməkdaşlıq və qarşılıqlı fəaliyyət üçün mühüm platformaya çevrilib.
“Bu gün Yaxın Şərqdə və Əfqanıstanda bəzi dövlətlərin bütövlüyünü təhdid edən və bu regionların hüdudlarından çox-çox kənara yayılmaq təhlükəsi yaradan miqyasda olan terror fəaliyyətinin eskalasiyası xidmətlərimizdən xüsusi diqqət tələb edir. Aydındır ki, bu təhlükə və çağırışlara qarşı mübarizədə yalnız ardıcıl və sistemli iş, birgə və əlaqələndirilmiş səylər nəticəsində mühüm nəticələrə nail olmaq mümkündür,” prezident qeyd edib.
O hesab edir ki, yeni dövr problemlərin həllinə, çağırış və təhlükələrin aradan qaldırılmasına yeni yanaşmalar tələb edir.
“Bu baxımdan, bu platformanın mənalı və konstruktiv müzakirələrinin türkdilli məkanda təhlükəsizliyin təmin edilməsinə mühüm töhfə verəcəyinə əmin olduğumu bildirirəm. Eyni zamanda, Konfransda iştirak edən ölkələrin xüsusi xidmət orqanları arasında sıx əməkdaşlıq ölkələrimizdə təhlükəsizliyin möhkəmləndirilməsinə, beynəlxalq terrorizm, ekstremizm və digər qlobal problemlərə qarşı səmərəli mübarizəyə kömək edəcək,” Sadır Japarov bildirib.
Prezident Qırğızıstan tərəfinin bu dəyərlər əsasında türk qardaş xalqları ilə səmərəli işləməyə hazır olduğunu bildirib.
1998-ci il mayın 20-də İstanbulda Qırğızıstan Respublikası, Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Türkiyə Respublikasının xüsusi xidmət orqanları arasında Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının yaradılması haqqında Protokol imzalanmışdır. (TYURKON). 2018-ci ildən Özbəkistanın Dövlət Təhlükəsizlik Xidməti TÜRKON-un üzvüdür.