Prokuror LGBTQI+ fəalı və jurnalist Əvəz Hafizlinin qətlində təqsirləndirilən şəxsə 10 il 6 ay həbs cəzası istəyib

Əvəz Hafizlinin qətli ilə bağlı keçirilən məhkəmə qarşısında fəallar (18 iyul, 2022)

İyulun 25-də LGBTQI+ fəalı və jurnalist Əvəz Şıxməmmədovu (Hafizli) qətlə yetirməkdə təqsirləndirilən Əmrulla Güləliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Məhkəmədə iştirak edənlərin sözlərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Əvəz Hafizlinin qardaşı Təbriz Şəxməmmədov bildirib ki, qətli törədən Əmrulla Güləliyev onun ailə üzvüdür və zərərçəkmişin hüquqi varisi kimi onu bağışlayır.

Qətlə yetirilən LGBTQI+ fəalı və jurnalist Əvəz Hafizli.

Şıxməmmədov anasının da şikayətçi olmaması barədə məhkəməyə arayış təqdim edib.

Prosesdə ekspertiza rəyləri açıqlanıb. Bildirilib ki, Əvəz Hafizli boyun nahiyəsindən aldığı bıçaq xəsarətlərindən dünyasını dəyişib.

Prosesdə məhkəmə istintaqının tamamlandığı elan olunub.

Daha sonra iclasda dövlət ittihamçısı çıxış edib. Prokuror təqsirləndirilən şəxsə 10 il 6 ay həbs cəzası istəyib.

Məhkəmədə Əvəz Hafizlinin dövlət tərəfindən təyin olunan nümayəndəsi çıxış edərək Əmrulla Güləliyevə daha yüngül cəza verilməsini xahiş edib.

Əmrulla Güləliyev son söz üçün məhkəmədən vaxt istəyib. Proses iyulun 29-da davam etdiriləcək.

İstintaq orqanı tərəfindən Əmrulla Güləliyevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir ki, Əvəz Şıxməmmədov (Hafizli) bu ilin fevral ayında əmisi oğlu Əmrulla Güləliyev tərəfindən qətlə yetirilib. Təqsirləndirilən şəxs sərxoş olduğunu və aralarında yaranan mübahisə zamanı cinayəti törətdiyini bildirib.

Azərbaycan Respublikasının cinayət qanunvericiliyinə əsasən qətl hallarında insanın mənsubiyyətinə görə nifrət amili nəzərə alınmır.

Əvəz Hafizli cinsi oriyentasiyasına görə bir neçə dəfə təhdidlərə məruz qalması və təqsirkarların cəzalandırılması tələbi ilə etiraz aksiyaları keçirib.