Əziz Məmiyev zorakılığa məruz qaldığını bildirir

Əziz Məmiyev

İyulun 20-də Nazirlər Kabinetinin qarşısında ölkənin quru sərhədlərinin açılması tələbilə keçirilən aksiyada saxlanılan və 30 sutka inzibati həbs cəzası alan Müsavat Partiyasının Gənclər Təşkilatının İdarə Heyətinin üzvü Əziz Məmiyevin ailə üzvləri onunla görüşə bilmir.

Bu barədə məlumatı onun atası İltifat Məmiyev Amerikanın Səsinə bildirib. O, deyir ki, iyulun 21-də Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsinə gedib. Lakin ona oğlu ilə görüşməyə icazə verməyiblər.

İltifat Məmiyev bildirib ki, iyulun 22-də vəkil oğlu ilə görüşüb və Əziz Məmiyevin bədənində qançır izlərinin olduğunu deyib:

“Özü bildirib ki, Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsində 5 polis əməkdaşı ona zorakılıq göstərib. Dinc aksiyada iştirak edən adama belə edərlər? Görüşə də icazə vermirlər, dedilər girə bilməzsən, icazə yoxdur. Dedim tək bizə icazə verilmir, ya bu qanun hamı üçündür? İctimai fəal olduğu üçün ona ayrıseçkilik edilir”.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Əziz Məmiyevin zorakılıq görməsi ilə bağlı iddialar əsassızdır. Atasının onunla görüşünə icazə verilməməsinə gəlincə isə nazirlikdən deyilib ki, görüşdən öncə DİN-ə müraciət olunmalıdır.

Əziz Məmiyevə iyulun 20-də Səbail Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbs cəzası verilib. Onun haqqında İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddəsilə inzibati xəta protokolu tərtib edilib.

Əziz Məmiyev saxlandıqdan sonra Post-Patrul Xidmətinin avtomobilində aksiyada digər saxlanılanlarla birlikdə aparılarkən çəkilmiş videogörüntülər sosial şəbəkələrdə yayılıb. Həmin görüntülərdə siyasi fəal polislərin aksiya iştirakçılarına qarşı elədiklərini tənqid edir:

“Siz qul, köləsiz. Saxta insanlara bizi söydürürsünüz. Vaxt gələcək siz imdad diləyəcəksiniz. Bu, nə yaşayışdır siz yaşayırsız?”

Fəallar Əziz Məmiyevin bu çıxışına görə cəzalandırıldığını ehtimal edir.