Urmiyə gölündə yaşanan ekoloji fəlakətlə bağlı iyul ayının 16-da təşkil olunan etiraz aksiyaları ilə əlaqədar Urmiyə, Təbriz, Sulduz və Qoşaçay kimi şəhərlərdə saxlanılan vətəndaşlardan bəziləri sərbəst buraxılıb.
Urmiyə gölü etirazları ilə bağlı hazırda müxtəlif şəhərlərdə nəzarətdə saxlanılan fəalların sayı məlum deyil. İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinin məlumatına əsasən, Urmiyədə saxlanılan Hüşəng Nağızadə, Mikayıl Qulipur, Səid Gülməhəmmədi və Əlirza Qasımzadə hazırda Urmiyənin mərkəzi həbsxanasında saxlanılırlar.
Hüquq müdafiəçilərinin yaydığı məlumata görə, saxlanılan vətəndaşlar və milli fəallar təhlükəsizlik qüvvələri tərəfindən döyülüblər. HRA agentliyi, o cümlədən, Rza Etibarı Radın Urmiyədə İslam İnqilabı Qvardiyası (Sepah) qüvvələrinin zorakılığına məruz qaldığını bildirib.
İyul ayının 16-da Urmiyə şəhərində etiraz aksiyası baş tutub, ancaq Təbriz və digər şəhərlərdə vəndaşlar polis və təhlükəsizlik qüvvələrinin sərt müdaxiləsi ilə dağıdılıblar.
HRA agentliyinin bildirdiyinə görə, nəzarət altına alınanların hamısı aksiyaların baş verdiyi bölgələrdə tutulmayıb. Misal üçün, Huşəng Nağızadə Urmiyədə iş yerindən çıxdığı zaman saxlanılıb.