Azərbaycan Səhiyyə Nazirliyi qapalı yerlərdə maskadan istifadəni tövsiyə edir

Azərbaycanda son günlər COVID-19 infeksiyasının yayılması ilə əlaqədar neqativ dinamika izlənilir. Yoluxanların sayında artım və yoluxan şəxslərin sağalanlarla nisbətdə üstünlük təşkil etməsi müşahidə olunur.

Bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb.

Məlumatda deyilir ki, səhiyyə qurumları vətəndaşlara qapalı məkanlarda tibbi maskaların taxılmasını, sosial məsafənin gözlənilməsini, təmasların azaldılmasını, respirator gigiyena qaydalarına əməl olunmasını təkidlə tövsiyə edir.

“Qeyd edək ki, proses səhiyyə qurumları tərəfindən diqqətlə izlənilir və nəzarət altındadır. Pandemiya ərzində mənfi dinamikanın aradan qaldırılması ilə bağlı xeyli təcrübə toplanılıb. İstənilən hallarda vəziyyətə uyğun adekvat qərarlar verilə bilər.

Bir daha vətəndaşlarımıza qapalı məkanlarda tibbi maskalardan istifadə və gigiyena qaydalarına riayət etmələrini ciddi şəkildə tövsiyə edirik” - məlumatda deyilir.

Xatırlatma

Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti sentyabrın 1-dək uzadılıb.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına görə, 2021-ci il mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması, aprelin 15-dən isə Azərbaycana giriş üçün COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənədi təqdim etmək tələbi ləğv edilib.