Bayden ABŞ-ın Yaxın Şərqdə fəal və sadiq tərəfdaş olaraq qalacağını bildirib

ABŞ prezidenti Co Bayden şənbə günü Vaşinqtona qayıtmazdan əvvəl Səudiyyə Ərəbistanının Ciddə şəhərində ərəb liderləri ilə görüşündə İranın regionda nüfuzunun artmasının qarşısını almaq və Çin və Rusiya ilə strateji rəqabətdə təsirini bərpa etmək üçün ABŞ-ın Yaxın Şərqdə iştirakına dair baxışlarını açıqlayıb.

Prezident Biden ABŞ-ın Yaxın Şərqdə fəal və sadiq tərəfdaş olaraq qalacağını bildirib və Körfəz sammitində toplanan liderləri insan hüquqlarına iqtisadi və sosial dəyişikliklər üçün güclü qüvvə kimi baxmağa çağırıb.

“Birləşmiş Ştatlar regionda müsbət gələcəyin, sizin hamınızla tərəfdaşlığın qurulmasına sərmayə qoyur,” Bayden Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri, eləcə də Misir, İraq və İordaniyanın daxil olduğu Körfəz Əməkdaşlıq Şurası GCC+3 sammitində çıxışında deyib.

“Biz heç hara getməyəcəyik və Çin, Rusiya və ya İran tərəfindən doldurulacaq bir boşluq buraxmayacağıq. Biz bu məqamı aktiv, prinsipial Amerika rəhbərliyi ilə qurmağa çalışacağıq,” - deyə Bayden bildirib.

ABŞ prezidenti Co Bayden Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən Təhlükəsizlik və İnkişaf sammitində iştirak edir, 16 iyul 2022-ci il.

Prezident Bayden ABŞ-ın regionda iştirakı üçün əsas prinsipləri, o cümlədən tərəfdaşlıq əlaqələrini gücləndirmək və “qaydalara əsaslanan beynəlxalq nizama tabe olan” ölkələrin müdafiə qabiliyyətini dəstəkləmək və hərbi əməliyyatlar vasitəsilə dominantlıq etməyə çalışan və insanların azadlığını təhdid edən xarici və regional güclərin qarşısını almaq kimi əsas prinsipləri açıqlayıb.

O, İranın regionda sabitliyi pozan fəaliyyətlərini, Rusiyanın Ukraynada apardığı müharibəni və Çinin Hind-Sakit okeanı regionunda hərəkətlərini qaydalara əsaslanan nizamı pozmaq cəhdlərinə misal olaraq göstərib.

Bayden Vaşinqtonun həmçinin gərginliyi azaltmağa və münaqişələrə “mümkün olan yerdə” son qoymağa çalışacağını və BMT Nizamnaməsində qeyd olunan insan hüquqları və dəyərlərini dəstəkləyəcəyini bildirib.

“Qaydalara əsaslanan nizamı dəstəkləmək o demək deyil ki, biz həmişə hər məsələdə razılaşmalıyıq. Lakin bu, ən aktual qlobal məsələlərdə birlikdə işləmək üçün əsaslar üzərində razılaşdığımız deməkdir,” Bayden qeyd edib.

Bu qlobal çağırışları vurğulayaraq, o, Yaxın Şərq və Şimali Afrika üçün 1 milyard dollarlıq ərzaq təhlükəsizliyi yardımını elan edib. Bayden ərəb liderlərinin Vaşinqtonun Çinin “Bir kəmər, bir yol” layihəsinə qarşı başlatdığı qlobal infrastruktur və investisiya təşəbbüsü üçün 3 milyard dollar vəd etməsini alqışlayıb.

İnsan hüquqları

Bayden çıxışında fundamental azadlıqların “amerikalılar kimi kim olduğumuzun” əsasında olduğunu deyib.

O, əsas etibarilə kişilərdən ibarət auditoriya qarşısında deyib ki, gələcək “qadınların bərabər hüquqlardan istifadə edə və daha güclü iqtisadiyyatlar, dayanıqlı cəmiyyətlər və daha müasir və bacarıqlı hərbi qüvvələrin qurulmasına töhfə verə biləcək” ölkələrə aiddir.

Bayden bir çox müşahidəçinin onun xarici siyasət doktrinası hesab etdiyi mövzu olan avtokratiyalar və demokratiyalar arasında qlobal mübarizəyə toxunmayıb. Lakin gələcəyin “vətəndaşların repressiyadan qorxmadan liderlərini sorğulaya və tənqid edə biləcəyi” ölkələrə aid olduğunu qeyd edib.

ABŞ prezidentinin bir gün əvvəl vəliəhd şahzadə Məhəmməd bin Salmanla görüşməsi Səudiyyə Ərəbistanında çoxsaylı insan hüquqları pozuntuları, xüsusilə də Washington Post qəzetinin jurnalisti və hökumətin tənqidçisi olan Camal Xaşuqcinin vəhşicəsinə öldürülməsi ilə əlaqədar ABŞ-da tənqidlərə səbəb olub. ABŞ kəşfiyyat orqanları sui-qəsdin arxasında vəliəhd şahzadə Məhəmməd bin Salmanın dayandığı qənaətinə gəlib, lakin o özü bunu inkar edir.

Bayden vəliəhd şahzadə ilə cümə günü görüşündə Xaşuqcinin qətli məsələsini qaldırdığını deyib. Bayden bildirib ki, Məhəmməd bin Salman ona qətlə görə şəxsən məsuliyyət daşımadığını deyib.

CNN tele kanalı adının açıqlanmasını istəməyən mənbəyə istinadən bildirib ki, Məhəmməd bin Salman Xaşuqci ilə bağlı məsələ qaldırıldığından sonra Baydenə 2004-cü ildə İraqın Əbu Qreyb həbsxanasında ABŞ əsgərləri tərəfindən məhbuslarla pis rəftar edildiyini xatırladıb.

Bəzi müşahidəçilər bildirir ki, Baydenin təkcə enerji və regional təhlükəsizlik məsələləri deyil, eləcə də Çin və Rusiya ilə strateji rəqabətə görə səudiyyəlilərlə işləməkdən başqa seçimi yoxdur.

ABŞ administrasiyası Rusiya ilə Tehran arasında əlaqələrin güclənməsi ilə bağlı xəbərdarlıq edib. Milli təhlükəsizlik müşaviri Ceyk Sallivan deyib ki, ABŞ İran hökumətinin Rusiyaya hərbi silah daşıya bilən dronlar da daxil olmaqla bir neçə yüz pilotsuz təyyarə verməyə hazırlaşdığını göstərən kəşfiyyat məlumatlarına malikdir.