İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani Azərbaycanda səfərdədir.
Azərbaycan Prezidentinin rəsmi internet saytının yaydığı məlumata görə, prezident İlham Əliyevin Əli Şəmxani ilə görüşündə ikitərəfli əməkdaşlığın inkişafına dair geniş fikir mübadiləsi aparılıb.
“Əli Şamxani İranın Azərbaycan ilə mehriban qonşuluq və dostluq münasibətlərinin inkişaf etdirilməsində maraqlı olduğunu və əlaqələrin genişləndirilməsinə həmişə böyük əhəmiyyət verdiyini vurğuladı,”məlumatda qeyd edilib.
Görüşdə, ikitərəfli gündəliyə aid olan məsələlər, o cümlədən İran ilə Azərbaycan arasında nəqliyyat-kommunikasiya xətlərinin inkişafı və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Amerikanın Səsinə bildirib ki, İranın Təhlükəsizlik Şurasının katibi Əli Şamxani daha əvvəl Ermənistana səfər edib.
Your browser doesn’t support HTML5
Onun fikrincə, İranın ali liderin nümayəndəsi həm Ermənistanla, həm Azərbaycanla təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirmək istəyir.
“Bunun üçün müəyyən əsaslar var. Azərbaycana gəldikdə böyük layihələr nəzərdə tutulur. Şimal-Cənub və İranla ortaq layihələr var. Onlar təhlükəsizlik məsələlərini danışıb,” o bildirib.
Ekspert həmçinin qeyd edib ki, əsas narahatedici məqam İran ərazisindən narkotik maddələrin keçidinin son vaxtlar intensivləşməsidir.
“Sərhəd pozucularının sayı da artıb. Bu, bizi narahat edir. Azərbaycan müstəqillik qazanandan keçən 30 ildə nadir hallar olub ki, Azərbaycan tərəfdən kimsə İran sərhədini pozsun. Amma mütəmadi olaraq İran tərəfindən Azərbaycanin sərhədləri pozulur. Narkoticarətçilər əli silahlı sərhədimizi keçməyə çalışır və sərhədçilərimizə atəş açırlar, itkilər olur ara-sıra. Bütün bu məsələləri də yəqin Əli Şamxani ilə danışacaqlar. Ümid etmirəm ki, bunlar həll yolunu tapsın. Hər zaman bu mövzular danışılır. İran tərəfi bu məsələlərə bir qədər laqeyd yanaşır. Çünki İran sərhədçiləri sərhədə ciddi nəzarət etsələr narkoticarətçilər çox asanlıqla Azərbaycan sərhədini keçib, silahlı müqavimət göstərməzdilər. Bu məsələlər əlbəttə müzakirə olunacaq, həll olunacağına isə inanmıram.”
İran ilə Azərbaycan arasındakı münasibətlərə gəldikdə ekspert bildirib ki, İran tərəfi hər zaman Azərbaycanın Qərb ölkələri ilə əməkdaşlığından narahatlığını bildirir.
“Baxmayaraq ki, Azərbaycan tərəfi hər dəfə qeyd edir ki, əlaqələri İrana qarşı yönəlməyib, o cümlədən Azərbaycanın İsrail, Türkiyə, ABŞ və Avropa ilə əməkdaşlığı İrana qarşı yönəlməyib. Amma İran bizim açıqlamalarımızı ciddiyə almır. Çox təəssüf ki, hər zaman bunu təhdid və təhlükə kimi qiymətləndirirlər. Yəqin bu mövzular ətrafında da qapalı şəraitdə fikir mübadiləsi edəcəklər. Əlbəttə Azərbaycan İranla münasibətlərdə gərginlik istəmir. Amma əsas tələbimiz odur ki, daxili işlərimizə də qarışılmasın. Çox təəsüf ki, İranda müəyyən mərkəzlər hakimiyyətə və dini dairələrə yaxın Azərbaycanın daxili işlərinə qarışır. Məqalələr yayırlar ki, Azərbaycan kiminlə dostluq etməməlidir. Bu səpkili siyasət davam etdikcə iki ölkə arasında sualların sayı azalmayacaq,” Şahinoğlu qeyd edib.
Öz növbəsində İranın dövlət agentliyi məlumat verib ki, İranın Azərbaycanla hərtərəfli münasibətləri və əməkdaşlığı inkişaf etdirməsi üçün heç bir məhdudiyyəti yoxdur. Mənbənin məlumatına görə, Şamxani İranın "iki ölkə arasında münasibətləri pozmağa çalışanlara qarşı mübarizə aparmaqda"qətiyyətli olduğunu vurğulayıb.