Zamin Salayev aclığa başlayıb

Azərbaycan Xalq Cəbhəsi Partiyasının Salyan rayon təşkilatının sədri, inzibati qaydada həbs edilmiş Əlizamin Salayev saxlanıldığı gündən – iyulun 7-dən etibarən aclıq edir.

Bu barədə o, iyulun 14-də öz vəkili Nemət Kərimliyə bildirib.

Vəkilin sözlərinə görə, Salayev əsassız olaraq 30 gün müddətinə həbs edilməsinə və oğlunun avtomobilindən zinət əşyalarının itməsinə etiraz edir.

O, həmçinin iyulun 14-dən etibarən quru aclığa başladığını bildirib.

DİN-in mətbuat xidmətindən bu barədə hələlik şərh almaq mümkün olmayıb.

Azərbaycan Xalq Cəbəsi Partiyasının Salyan rayon şöbəsinin sədri Əlzamin Salayev iyulun 7-də Salyan rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məclləsinin 535.1 maddəsi ilə (Polisin qanuni tələbinə tabe olmamaq) təqsirli bilinirək 30 sutka inzibati həbsə məhkum edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru Nizam Həmidov bildirib ki, Salyan rayon sakini Oktay Salayev (Əlzamin Salayevin oğlu) əvvəllər yol hərəkəti qaydalarını pozduğuna görə cərimələnib və cəriməni təyin edilmiş müddətdə ödəmədiyindən dəbbə ilə birlikdə 240 manat təşkil edib.

"İyunun 29-da Oktay Salayev idarə etdiyi avtomobilin arxa dövlət qeydiyyat nişanı olmadığına və təhlükəli konstruksiya dəyişikliyi etdiyinə görə yol polisi tərəfindən saxlanılıb. Bu xətaya görə onun barəsində növbəti inzibati protokol tərtib edilib, avtomobilinə baxış keçirildikdən sonra nəqliyyat vasitəsi mühafizə olunan duracağa yerləşdirilib. İyulun 7-də Oktay Salayevin atası Əlizamin Salayev oğlunu məsuliyyətdən yayındırmaq, eləcə də cərimələri ödəməmək məqsədilə sərxoş vəziyyətdə Salyan şəhərindəki Mərkəzi parka gələrək ictimai asayişi pozaraq əsassız səs-küy qaldırıb. Polis əməkdaşları onu intizama dəvət etdikdə Əlzamin Salayev qəsdən polisin qanuni tələbinə tabe olmayaraq müqavimət göstərib. O, saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilib, barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə, o 30 sutka inzibati qaydada həbs olunub" , Daxili İşlər Nazirliyinin rəsmisi qeyd edib.

Öz növbəsində, AXCP sədrinin müavini Seymur Həzi Amerikanın Səsinə bildirib ki, Əlzamin Salayevin həbsi siyasi fəallığı ilə bağlıdır.

"O, qaydaları pozmayıb. Sosial şəbkələrdə canlı yayım açıb və açıq şəkildə öz etirazını bildirib. Hazırda vəkil Salayevin həbsi ilə bağlı hüquqi prosedurları həyata keçirir" , o qeyd edib.

Əlzamin Salayev bundan öncə 2020-ci il aprelin 20-də Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə 2 il 3 ay azadlıqdan məhrum edilib. O, Salyan Rayon Polis İdarəsinin əməkdaşı Həmzə Əzizovun şikayəti əsasında cəzalandırılıb. 2022-ci il yanvarın 19-da Milli Məclisin amnistiya aktına uyğun olaraq azadlığa buraxılıb.

Salayev həbsindən bir müddət əvvəl sosial şəbəkələrdə adıçəkilən polis əməkdaşıyla mübahisəsinin videosunu yayıb. Həmin videoda AXCP fəalı Əzizovu rayonda yaşayan qadına qarşı təcavüzə görə ittiham edirdi. Video yayılandan sonra Salayev inzibati qaydada 30 günlük həbs olunub. O, həmin vaxt saxlanılarkən işgəncəyə məruz qaldığını bildirib. Bundan sonra polis əməkdaşı Salyan rayon Məhkəməsində ona qarşı xüsusi ittiham qaydasında iddia qaldıraraq həbsini tələb edib və məhkəmə fəalı həbsə məhkum edib.