Azərbaycan rəqs müəlliməsi Jila İbrahimi Təbrizdə iyulun 1-də həbs edildikdən sonra 10 günlük nəzarətə alınıb və iyulun 11-də Təbriz həbsxanasından müvəqqəti olaraq sərbəst buraxılıb.
İnsan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyi bu barədə məlumat yayıb.
Yayımlanan xəbərə əsasən, Jila İbrahimi 500 milyon tümənlik mülki girov qarşılığında məhkəmənin son qərarına qədər müvəqqəti olaraq buraxılıb.
Azərbaycan rəqs müəlliməsi olan xanım İbrahimi sosial mediada rəqs videoları paylaşdığı üçün təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək Təbriz Həbsxanasının qadınlar bölməsinə köçürülmüşdü.
Təhlükəsizlik qüvvələri Jila İbrahimini nəzarətə aldıqdan sonra rəqs video-görüntüləri paylaşmaq ittihamı haqda məlumtlandırıb daha sonra həbsxanaya yerləşdirib.
İnsan haqları üzrə fəaliyyət göstərən Ərk cəmiyyəti bu barədə yaydığı məlumata görə, xanım İbrahiminin zəmanətə buraxılma prosedurası məhkəmə tərəfindən gecikdirilib və nəticədə rəqs müəlliməsi qurban bayramı həbsxanada saxlanılıb.
Jila İbrahimi Təbrizdə Saz Söz adlı dərnəyin üzvüdür.
İran Azərbaycanında, Azərbaycan rəqsinin tədrisi və öyrənilməsi son illərdə xüsusilə qadınlar və qızlar arasında çox populyarlaşıb. İran hökumətinin yaratdığı qadağalara baxmayaraq, gənclər arasında Azərbaycan rəqsini öyrənməyə həvəs və maraq artıb.
Ümumiyyətlə, İranda rəqs təlimi qadağandır və rəqs öyrənməklə maraqlanan bir çox insan lisenziyasız dərslərə yazılaraq rəqs öyrənməyə başlayır.