Prokurorluq müharibə iştirakçısının intiharı ilə bağlı araşdırma aparır

Sabirabad Rayon İcra Hakimiyyətinin binası qarşısında intihar edən ikinci Qarabağ müharibəsinin iştirakçısı ilə bağlı araşdırma aparılır.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat verib.

İyulun 10-da Sabirabad Rayon İcra Hakimiyyətinin binası qarşısında inihara cəhd edən İkinci Qarabağ müharibəsinin iştirakçısı Elvin Cəfərov iyulun 11-də xəstəxanada vəfat edib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) bildirib ki, Elvin Cəfərovun bədənin 70 faizi yanıb.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, Cəfərovun qardaşı Elnur Cəfərov jurnalistlərə Elvin Cəfərovun pensiyasının kəsildiyini, dərmanını da ala bilmədiyini deyib.

"Elvin müharibədə kontuziya alıb, buna görə dərman atırdı. Dərmanın qiyməti 700 manatdır. 2 aya yaxındır ki, pensiyası kəsilib, nəticədə dərmanını ala bilməyib. Gedib icra hakimiyyətindən kömək istəyib, onlar da etməyib. Buna görə də intihara cəhd edib" o bildirib.

Müharibə iştirakçısının vəfatı geniş və kəskin tənqidlərlə qarşılanıb. Hökumətin sosial siyasəti, əsasən də əmək və əhalinin sosial müdafiəsi nazirinin fəaliyyəti kəskin tənqid hədəfidir.

İyulun 11-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsinin müdiri Fazil Talıbov bildirib ki, Sabirabad rayonu, Qalağayın kənd sakini, 3-cü dərəcə Vətən müharibəsi əlili, Elvin Cəfərov dövlət tərəfindən sosial dəstək tədbirləri ilə əhatə olunub.

"Elvin Cəfərova Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aidiyyəti qurumu tərəfindən hələ 2021-ci ilin noyabr ayında müharibə ilə əlaqədar 3-cü dərəcə əlillik təyin edilib. Bununla əlaqədar ona Prezidentin aylıq təqaüdü (300 manat) və aylıq müavinət (120 manat) təyin edilib" , o bildirib.

Nazirlikdən qeyd olunub ki, həmçinin Elvin Cəfərovun və ailə üzvlərinin məşğulluğuna da dəstək göstərilib.

"O, DOST İş Mərkəzi tərəfindən 27 may 2021-ci ildən işlə (aylıq əməkhaqqı 300 manat) təmin edilib. Anası Cəfərova Ruqiyə Musa qızı da məşğulluq orqanı tərəfindən işlə təmin olunub. Eyni zamanda, qazinin ailəsi üçün bir il əvvəl özünüməşğulluq proqramı çərçivəsində ailə təsərrüfatı yaradılıb".

Talıbov vurğulayıb ki, Elvin Cəfərovun ailəsinə "YAŞAT" Fondu tərəfindən 2021-ci ildə maddi dəstək (6500 manat) və hərbi səbəbdən 3-cü dərəcə əlilliyə görə "Azərsığorta" tərəfindən sığorta ödənişi (4400 manat) olmaqla 11 min manata yaxın birdəfəlik ödəniş edilib.

"Qeyd olunan dəstək tədbirləri ilə yanaşı, ona təyin olunan müavinət Müdafiə Nazirliyindən 28 iyun 2022-ci ildə daxil olmuş sənədlər əsasında qısa bir müddətdə, 7 iyul 2022-ci il tarixdə pensiya və maddi yardım formasında daha artıq ödənişlə - 356 manat aylıq sosial ödənişlə əvəzlənib. Beləliklə, qazi Elvin Cəfərova pensiya, təqaüd, maddi yardım və əməkhaqqı formasında ümumilikdə aylıq olaraq 958 manat ödənilib".

Son illər bir sıra müharibə veteranı və müharibə əlilləri süründürməçilik və problemlərinin həll olunmaması iddiası ilə etirazlar keçirir. Onlar əsasən pensiya təyinatı və sosial durumlarının ağırlığından şikayətçidir.