Energetika naziri: Son bir ildə Azərbaycandan Avropaya 13,5 milyard kubmetr qaz tədarük olunub

Energetika naziri Pərviz Şahbazov

“Azərbaycan Bolqarıstan, Yunanıstan da daxil olmaqla Avropa ölkələri üçün şaxələndirilmiş qaz təchizatının sabit və strateji mənbəyi, həm də etibarlı tərəfdaşıdır. Bir ildən artıq müddətdə Avropaya 13,5 milyard kubmetr qaz tədarük olunub. Bunun 1,4 milyard kubmetri Yunanıstanın, 440 milyon kubmetri isə Bolqarıstanın payına düşüb. Bolqarıstana ilk 6 ayda 160 milyon kubmetr olan qaz ixracının ilin sonuna 600 milyon kubmetrə çatacağı planlaşdırılır. İyulun 1-dən Bolqarıstana tam həcmdə, gündəlik 2,6 milyon kubmetr qaz ixrac edilir ki, bu da gündəlik tədarükdə 1,7 milyon kubmetr artım deməkdir”.

Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov Yunanıstanın Komotini bölgəsində Azərbaycan təbii qazını Bolqarıstana nəql edəcək Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) açılış mərasimində deyib.

Energetika Nazirliynin Mətbuat xidmətinin məlumatına görə, açılış mərasimdə Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis, Bolqarıstanın Baş naziri Kiril Petkov da iştirak edib.

Şahbazov dayanıqlı enerji təhlükəsizliyi üçün ölkələr arasında əməkdaşlığın önəmini xüsusi vurğulayıb.

“Cənub Qaz Dəhlizi Avropa İttifaqı-Azərbaycan enerji tərəfdaşlığının indiyədək əldə etdiyi ən böyük nailiyyətdir və biz bu uğur hekayəsini davam etdirmək niyyətindəyik,” o qeyd edib.

Nazir IGB-nin qarşıdakı illərdə Cənub Qaz Dəhlizinin genişləndirilməsi istiqamətində yeni layihələrin müjdəsi olduğunu deyib.

Neft Araşdrımaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, Bolqarıstan Azərbaycandan ötən illə müqayisədə qaz idxalını 3 dəfəyədək artırmaq imkanı əldə edəcək.

"Bu, Bolqarıstanın Rusiyadan qaz asılılığını ilkin olaraq 35 faizədək azaldacaq. Rəsmi Sofiya əlavə qaz həcmləri almaq üçün artıq Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) müraciət edib," ekspert qeyd edib.

Eyni zamanda layihənin ikinci mərhələsi təklif edilib ki, bu da kəmərin ötürücülüyünü ildə 5 milyard kubmetrə çatdıracaq.

2013-cü ilin sentyabrında “Bulgargaz EAD” “Şahdəniz-2” çərçivəsində ildə 1 milyard kubmetr qazın alınması ilə bağlı 25 illik saziş imzalayıb. 2019-cu ilin mayında Bolqarıstanın Kirkovo bölgəsində Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) təməlqoyma mərasimi keçirilib.

IGB Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" qaz kondensat yatağının II mərhələdə istismarı çərçivəsində hasil edilən təbii qazın Bolqarıstana nəqlini nəzərdə tutur. Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometri Bolqarıstan ərazisindən keçir. Kəmərin illik ötürücülük gücü 3-5 milyard kubmetr həcmindədir.

Cənub Qaz Dəhlizinin inkişafı çərçivəsində İGB vasitəsilə Cənub-Şərqi və Mərkəzi Avropa ölkələri Xəzər regionundan alternativ tədarüklərə və mayeləşdirilmiş təbii qaz idxal etmək imkanına malik olacaq.

TAP-ın ümumi uzunluğu 878 km-dir. Bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizindən, 8 km-i isə İtaliyanın cənubundan keçir. Qaz kəmərinin ötürmə qabiliyyətinin ildə 20 milyard kubmetrə qədər çatdırılması planlaşdırılır.