Lənkəranda Azərbaycan-ABŞ əlaqələrinin 30 illiyi qeyd olunub

Lənkəran şəhərində (Bakıdan 272 kilometr cənub) Azərbaycanla ABŞ arasında dostluq və tərəfdaşlıq münasibətlərinin 30 illiyi qeyd olunub.

Lənkəran rayon İcra Hakimiyyətinin məlumatına görə, ABŞ-ın Müstəqillik Günü ilə bağlı Lənkəran Şəhər İcra Hakimiyyəti Lənkəranda işgüzar səfərdə olan qardaşlaşmış şəhər-Kaliforniyanın Monterey şəhərinin nümayəndələri ilə bayram tədbiri keçirib.

Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin musiqi ixtisasının müəllim və tələbələri tərəfindən hazırlanan konsertlə başlanan tədbirdə Azərbaycan milli və klassik musiqi nümunələri ifa olunub.

Monterey-Lənkəran Dostluq Assosiasiyasının həmsədri Nensi Selfric Lənkəran bölgəsinin kənd təsərrüfatı sektorunda işləyən insanları salamlayıb.

"Qonaq olduğumuz ləziz təamların necə təbii və qatqısız yolla hazırlandığının şahidi olmaq maraqlı təcrübə idi" , o, Lənkəran mətbəxində hazırlanan yeməklərdən danışarkən qeyd edib.

Monterey-Lənkəran qardaşlaşmış şəhərlər münasibətləri 2011-ci ildən başlayıb. Hazırda "Yaşıl çay" fermer təsərrüfatında "Monterey Tea" brendi altında Lənkəran çayı da istehsal olunur.