Azərbaycanın İrandakı Səfirliyinin keçmiş əməkdaşı, Orta Doğu Araşdıma Mərkəzinin rəhbəri Sədrəddin Soltan Amerikanın Səsinə müsahibəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun İrana səfəri və müzakirə olunan məsələlərdən danışıb. Nazir Bayramov bu gün, iyulun 4-də İrana səfər edib.
İRNA agentliyinin məlumatına görə, iyulun 4-də iki ölkənin xarici işlər nazirləri “ikitərəfli və regional gündəlikdəki aktual məsələləri müzakirə edib”.
Nazir Bayramov İran parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf ilə də görüşüb. İran parlamentində keçirilən görüşdə tərəflər “bütün istiqamətlərdə ikitərəfli əməkdaşlığın inkişafı yollarını müzakirə edib,” İRNA agentliyinin məlumatında deyilir.
Your browser doesn’t support HTML5
Amerikanın Səsi: Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İranda səfərdədir. O bu ölkənin prezidenti, xarici işlər naziri və parlament sədri ilə danışıqlar aparacaq. Sizcə səfərin əsas məqsədi nədir?
Üzdə Azərbaycana qardaş-dost deyir, alt yapıda isə həm Azərbaycana, həm Türkiyəyə qarşı fəaliyyətlə məşğuldur.
Sədrəddin Soltan: Səfərin əsas məqsədi iki ölkə arasında iqtisadi, siyasi problemlərdir. Son zamanlar İranın Türkiyədə İsrail “ovuna” çıxması Azərbaycanda və İranda Azərbaycan Respublikası əleyhinə aksiyaların keçirilməsi, İran-Ermənistan münasibətləri, İranın Zəngəzur dəhlizi ilə bağlı tutduğu mövqe, İran ərazisindən Naxçıvana keçəcək yolla bağlı məsələ, habelə İran təbii qazının perspektivdə Azərbyacan ərazisindən Avropaya çıxarılması, eləcə də Türkmənistandan təbii qazın İran ərazisinə və Azərbaycan vasitəsi ilə ixracı, həm də iki tərəfi maraqlandıran iqtisadi, siyasi, sosial, mədəni məsələlər müzakirə oluna bilər. Hesab edirəm ki, bu səfər hər iki tərəf üçün faydalı ola bilər. Çünki etiraz aksiyaları keçirməkdən, bir-birinin əleyhinə təbliğatlar aparmaqdansa mövcud problemləri birbaşa danışıqlar yolu ilə həll etmək tərəflərin hər ikisi üçün faydalıdır. İran tərəfi təəssüflər olsun ki, ötən müddət ərzində Azərbaycana qarşı davranışında ikili standart seçib. Üzdə Azərbaycana qardaş-dost deyir, alt yapıda isə həm Azərbaycana, həm Türkiyəyə qarşı fəaliyyətlə məşğuldur. İğtişaşların yaranmasına rəvac verir.
Amerikanın Səsi: Bu səfər həm də Rusiya-Ukrayna müharibəsinin gərgin bir vaxtına təsadüf edir. Səfər zamanı regional məsələlərdə hansı prioritet istiqamətlər müzakirə edilə bilər?
Azərbaycan vasitəsi ilə Ukraynaya təbii qazın ixracı məsələsi müzakirə oluna bilər.
Sədrəddin Soltan: İran iş adamları Sankt-Pterburqda keçirilən beynəlxalq iqtisadi forumda separatçı Donbas rejiminin ticarət adamları ilə iş birliyinə dair müqavilə imzalayıb. Bu onu göstərir ki, İran Ukraynada baş verən hadisələrdən faydalanmağa çalışır. Bir neçə gün öncə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba iranlı həmkarı Hüseyn Əmir Abdullahianla telefonla danışıb və onu ölkəsinə dəvət edib. Görünür, Azərbaycan vasitəsi ilə Ukraynaya təbii qazın ixracı məsələsi müzakirə oluna bilər. Ola bilər ki, Ukrayna ilə İran arasındakı problemlərin həllində Azərbaycan hansısa formada vasitəçilik etsin. Yaxud, Azərbaycan ərazisindən İran mallarının Ukraynaya ötürülməsi üçün yardım ola bilər. Bütün hallarda Azərbyacanla Ukraynanın xoşməramlı münasibətini nəzərə alsaq, Azərbaycan İran üçün Ukrayna ilə münasibətlərdə faydalı yardımçı, vasitəçi ola bilər.
Amerikanın Səsi: İran ABŞ və Qərbin sərt sanksiyası altındadır. Digər tərəfdən, İran Azərbaycanla həmsərhəd ölkədir. Bu şəraitdə Azərbaycan-İran əlaqələri necə qurulmalıdır?
Sədrəddin Soltan: Fikrimcə, Azərbyacanın artıq bu istiqamətdə təcrübəsi var. Azərbaycan İrana qarşı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi üç qətnaməyə uyğun olaraq davranıb. Hesab edirəm ki, bundan sonra da əgər İrana qarşı beynəlxalq sanksiyalar qüvvədə qalarsa və yeniləri tətbiq olunarsa Azərbyacan beynəlxalq cəmiyyətin, ictimaiyyətin üzvü kimi uyğun addımlar atacaq. Bu məsələdə Şuşa bəyannaməsinə əsasən, Azərbaycan öz addımlarını Türkiyə ilə uyğunlaşdırıb və bundan sonra da uyğunlaşdıracaq.
Amerikanın Səsi: Yayılan müxtəlif xəbərlərə görə, İranda öz milli hüquqları, o cümlədən ana dili, ana dilində məktəblərin açılması üçün konstitusiya hüquqları uğrunda mübarizə aparan azərbaycanlılar həbsdədir. Sizcə, iki ölkə rəsmilərinin danışıqlarında bu məsələlər yer alacaqmı?
Sədrəddin Soltan: İnanmıram. Adətən, belə bir hadisəyə rast gəlinməyib. Belə bir açıqlama olmayıb. Amma İran tərəfi həmişə İran yönlülərin həbsdən azad olunması, guya İran yönlülərin sıxışdırılması ilə bağlı məsələləri Azərbaycan rəsmilərinin diqqətinə çatdırır. İndi Güney Azərbaycanda (İran Azərbaycanı-red.) bir sıra ictimai fəal həbsdədir. İnanmıram ki, Ceyhun Bayramov onların həbsdən azad edilməsi ilə bağlı İran rəhbərliyinə hansısa müraciət və ya xahiş edəcək. Yəni, bu təcrübədə yoxdur.
Amerikanın Səsi: Müşahidələrə görə, son illərdə Azərbaycan Respublikasında İrandan olan azərbaycanlıların demək olar ki, əksəriyyəti üçüncü ölkələrə mühacirətə gedib. Amma əvvəllər Azərbaycan müxalifəti və mühacir təşkilatları İranda yaşayan azərbaycanlıların milli hüquqları uğrunda mübarizəsini dəstəkləyən aksiyalar, elmi konfranslar keçirirdi. Son illər belə tədbirlərə də rast gəlinmir. Bunun səbəbləri nədir?
İranın problemləri o qədər böyüyüb ki, o problemlərin yanında adi türk vətəndaşının, ümumilikdə Güney Azərbaycan türk toplumunun problemi nəzərəçarpacaq dərəcədə böyük görünmür.
Sədrəddin Soltan: Bunun səbəbi ilk növbədə Azərbaycan-İran münasibətləridir. İranın Azərbaycan ərazisindəki həmin insanların ölkədən çıxarılmasına nail olmasıdır. Azərbaycan o dövrdə müharibə aparırdı, torpaqlar işğal altında idi və Azərbaycana sığınan güneyli soydaşalrımızın yaşaması üçün, sosial problemlərinin həlli üçün dəstək verə bilmədi. Digər tərəfdən, İran onların burada olması ilə bağlı davamlı surətdə Azərbaycan hakimiyyətinə təzyiqlər edirdi. Onun davamı kimi İran yönümlü qüvvələrin Azərbaycanda fəallaşmasına dəstək verirdi. Digər tərəfdən, Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlaması üçün yardımları artırırdı. Azərbaycan tərəfi də bu məsələdə həm İranın beynəlxalq təşkilatlarda, danışıqlarda tərəfini qazanmaq üçün, həm Ermənistan məsələsində İranın tutduğu mövqeyi neytrallaşırmaq üçün Güney azərbaycanlılarının buradan getməsinə müəyyən mənada şərait yaratdı. Güney azərbaycanlıların burada qalanları isə vətəndaşlığı olmadan qalır, fəaliyyət göstərir. Bu proses bir də güneydəki hadisələrlə bağlıdır. Güneydə son illər hadisələr daha çox ümumiran miqyasında keçirilən hadisələrlə bağlıdır. Yəni, İranın problemləri o qədər böyüyüb ki, o problemlərin yanında adi türk vətəndaşının, ümumilikdə Güney Azərbaycan türk toplumunun problemi nəzərəçarpacaq dərəcədə böyük görünmür. Məsələn, bu gün Güney Azərbaycanda ən böyük problem güzaran, yaşayış, işsizlik problemidir, koronavirusdan qounmaq problemidir. O qədər sosial problem var ki, onun mədəni məsələlərlə bağlı düşünməsinə yer qalmır. Yəni, Güney Azərbaycanda milli hərəkat zəiflədiyindən onların da dəstəklənməsi, onların müdafiəsi ilə bağı aksiya keçirilməsi, o taydakı hadisələrlə bağlı burada tədbir keçirilməsinə ara verilib və səngiyib.