Jurnalistlər və hüquq müdafiəçiləri: Məhkəmələr açıq keçirilsin!

İyulun 1-də jurnalistlər və hüquq müdafiəçiləri "Müdafiə Xətti" hüquq müdafiə təşkilatının təşkilatçılığı ilə Məhkəmə-Hüquq Şurasının önündə etiraz aksiyası keçiriblər. Etirazçılar qurumdan məhkəmələrin açıq və ədalətli keçirilməsini tələb ediblər.

Hüquq müdafiəçisi və "Müdafiə Xətti" təşkilatının həmtəsisçisi Rüfət Səfərovun sözlərinə görə, aksiya məhkəmələrin qanunvericiliyin tələblərinə zidd olaraq qapalı keçirilməsinə etiraz olaraq təşkil olunub:

“Səbəb də bu göstərilir ki, hakim və ya sədr belə istəyir. Biz isə sadəcə bu, göstərişləri rədd edirik. Çünki bizim əlimizdə Konstitusiya, Konvensiya və onların müddəaları var, həmin müddəalar da məhkəmə prosesinin açıq olduğunu ortaya qoyur”.

"Müdafiə Xətti" təşkilatının digər həmtəsisçisi Zəfər Əhmədov isə bildirib ki, son 2-3 aydır məhkəmələri ümumiyyətlə monitorinq etmək mümkün deyil.

“Biz məhkəməyə müdaxilə etmirik, hüquq müdafiəçiliyinin kodekslərinə uyğun görürük. Niyə bizə icazə verilməsin? Niyə buraxılmayaq? Nə gizli işləri var, nədən qorxurlar bunlar?”, deyə o bildirib.

Əhmədovun sözlərinə görə, məhkəmələrə buraxılan şəxslər arasında ayrıseçkiliyə yol verilir:

“Başqa bir hüquq müdafiəçisi gəlir, heç bir maneə yaratmadan içəri buraxırlar. “Müdafiə Xətti”-nin adını yaxamızda görən kimi deyirlər, gözləyin, görək hakim nə deyir”.

Təşkilatçılar bəyanatlarında Azərbaycanda hüquq qaydasını, qanunun, ədalətin, qanun qarşısında bərabərliyin olmamasını, hakimiyyət qolları arasındakı balansın pozulduğunu, məhkəmə və qanunverici hakimiyyətin, ali icra hakimiyyərinin kobud hüquqi və siyasi əlavəsi olduğunu qeyd edərək, tələblərini səsləndiriblər.

“Xüsusilə siyasi yüklü işlərdə ədalət mühakiməsi hakimlərin müstəqilliyi təmin edilməklə heç bir məhdudiyyət qoyulmadan, faktlara əsasən, qərəzsiz, ədalətlə və qanunlara müvafiq həyata keçirilmir. Azərbaycanın hüquq gərçəkliyində məhkəmə icraatına məhdudiyyət qoyulması, məmurlar tərəfindən təsir və müdaxilə edilməsi adi xarakter daşıyır”, "Müdafiə Xətti" təşkilatının həmtəsisçisi Zaur Əkbər bəyanatı oxuyarkən qeyd edib.

O cümlədən bəyanatda əlavə edilir ki, hazırkı aksiya ilə Məhkəmə-Hüquq Şurasının üzərinə düşən vəzifələri dürüst icra etməməsinə etiraz edilir və açıq, ədalətli məhkəmə prosesləri tələb olunur.

Aksiya yerinə çoxsaylı polis əməkdaşları cəlb olunsa da, aksiyaya müdaxilə edilməyib.

Etirazçıların tələbləri ilə bağlı şərh üçün Məhkəmə-Hüquq Şurasınına müraciət etməyə çalışsaq da, qurumdan cavab almaq mümkün olmayıb.

2020-ci ilin martından Azərbaycanda xüsusi karantin rejimi elan edildikdən sonra açıq keçirilən məhkəmə iclasları pandemiyaya görə qapalı keçirilib. Hazırda Nazirlər Kabineti insanların toplaşması üçün say məhdudiyyətini ləğv etsə də, məhkəmə zallarına məhdud sayda insan buraxılır.