Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Amerikanın Səsinə müsahibəsində Venesiya Komissiyasının Azərbaycanda qəbul olunan “Media haqqında” qanun barədə yekun rəyini təhlil edərək, bu qanunun ölkədəki media azadlığına təsirlərindən danışıb.
Amerikanın Səsi: Avropa Şurası nəzdində Venesiya Komissiyası Azərbaycanda qəbul olunan “Media haqqında” qanun barədə yekun rəyini açıqlayıb. Siz Venesiya Komissiyasının ekspertləri ilə razısınızmı?
Mehman Əliyev: Tam razıyam. Hətta deyərdim ki, onlar yumşaq diplomatik formada öz tövsiyələrini çatdırıblar. Mən qeyd eləmək istəyirəm ki, bizim təkliflər təxminən 40-da yuxarı idi. Hələ biz, düzəlişləri və təklifləri yazılı şəkildə təklif elədik. Amma, qanunun hər bir maddəsinə fikir versəniz və təhlil edib görərsiniz ki, bu qanun qüsurludur. Məsələn, mən şəxsən elə birinci maddədən başladım gördüm ki, elə hamısı qüsurlu idi. Qanun kifayət qədər problemlidir.
Your browser doesn’t support HTML5
Amerikanın Səsi: Yerli media qurumunun rəhbəri və bir jurnalist kimi bu qanunla əlaqədar narahatlıqlarınız nə ilə bağlıdır?
Mehman Əliyev: Narahatlığım ondan ibarətdir ki, bu qanun uzun illər Azərbaycanın azad mediasına qarşı aparılan hücumların, təzyiqlərin davamıdır. Sadəcə olaraq burada mediadan başqa artıq informasiya cəmiyyətinin iştirakçıları, fəalları da nəzərdə tutulur. Bu, artıq sosial şəbəkələri də əhatə edir. Burada daha çox sosial şəbəkələrə qarşı yönəlib. Sosial şəbəkələrdə yaranan resurslar, cürbəcür təşəbbüslər. Ona görə də məni narahat edən odur ki, hakimiyyət daha geniş şəkildə Azərbaycanda söz və mətbuat azadlığını məhdudlaşdırmaq siyasətini irəli qoyub.
Amerikanın Səsi: Mehman bəy, ekspertlər, beynəlxalq təşkilatlar dəfələrlə Azərbaycan hakimiyyətinin qəbul etdiyi öhdəliklərini yerinə yetirməməsi ilə bağlı çağırışlar ediblər. Sizcə, indiyə qədər niyə bu çağırışlara əməl edilmir?
Mehman Əliyev: Çox sadə. Azərbaycan hakimiyyətinin həmişə siyasəti ondan ibarət olub ki, KİV-ə nəzarət etmək. Yenə də qeyd etmək istəyirəm. Sosial şəbəkələr institutu formalaşıb, artıq buna nəzarət eləmək lazımdır. Ümumiyyətlə azad fikrə, azad ifadəyə və s. nəzarət eləmək, istiqamətləndirmək, lazımi formada ictimai şuraya təsir eləmək, digər tərəfdən isə cəmiyyətin informasiya təşəbbüslərinin qarşısını almaq və cəmiyyəti hakimiyyətin üstündə hər hansı bir informasiya kontrolu, ictimai kontrolunu həyata keçirməsinin qarşısını almaqdır. Məqsəd budur.
Amerikanın Səsi: Əgər qanuna dəyişiklik edilmədən tətbiq olunarsa, bu, Azərbaycanda media azadlığı və KİV-in durumuna necə təsir edəcək?
Mehman Əliyev: Bilirsiniz, qanunu dəyişsələr də, dəyişməsələr də bu formada qanun işləsə, mən yenə qeyd eləmək istəyirəm ki, ancaq mənfi təsirləri olacaq. Çünki onun arxasında duran niyyətlər mənfidir. Mənfi ondan ibarətdir ki, cəmiyyətə nəzarət eləmək, jurnalistlərə nəzarət eləmək, onu əldə saxlamaq, ona təsir eləmək. Əsas məsələ budur. Bu da heç bir yaxşı nəticələrə gətirib çıxarmayıb. Axı praktika nəyi göstərir? 1998-ci ildən başlayan bu ardıcıl siyasət son olaraq iflasa gətirib çıxarır. Niyə bu qanunu qəbul elədilər sərt formada? Ona görə ki, artıq informasiya məkanında uduzurlar, cəmiyyətə uduzurlar, hakimiyyət olaraq. Ona görə də istəyir ki, təzədən cəmiyyəti öz nəzarəti altına salsın, başqa məqsəd yoxdur.
Amerikanın Səsi: Bəs siz, çıxış yolunu nədə görürsünüz?
Mehman Əliyev: Çıxış yolu ondan ibarətdir ki, uzun illərdir biz tərəfdən də, beynəlxalq qurumlar tərəfdən də, təsdiq olunub ki, Azərbaycan hakimiyyəti söz azadlığını aktiv şəkildə boğan bir strukturdur. Azərbaycan söz azadlığı sahəsində ən axırda gedən dövlətlər sırasındadır. Qeyri-azad ölkələr sırasındadır. Ona görə də, biz deyirik ki, bu siyasətdən əl çəkmək lazımdır. Ona görə də Azərbaycanda yeni informasiya konsepsiyası ortaya qoyulmalıdır. Azərbaycan hakimiyyəti, Azərbaycanın informasiya cəmiyyətinin inkişafını necə görür? Burada bir sağlam münasibət olmalıdır. O konsepsiya əsasında proqramlar hazırlanmalıdır. Lazım olsa qanuna dəyişiklilər olamalıdır. Qanun qəbul olunmalıdır və s. O konsepsiya ortada yoxdur. Yəni indiyə qədər Azərbaycan hakimiyyətinin açıq, leqal konsepsiyası bu sahədə yoxdur. Ona görə də bundan başlamaq lazımdır. Bu isə siyasi iradə deməkdir. Siyasi iradə ortalığa qoyulmalıdır. Yol xəritəsi, onun çərçivəsində bütün məsələlər həll olunmalıdır. O da hakimiyyət ilə cəmiyyət arasında dialoq olmalıdır. Təkcə jurnalistlərlə yox, çünkü bu gün informasiya istehsalçıları cəmiyyətdir. Artiq biz o çərçivədən çıxmışıq. Qanun da ona yönəlib. Ona görə də cəmiyyət ilə birlikdə müzakirə olunmalıdır ki, biz hansı informasiya münasibətlərini qururuq. Onun əsasında məsələlər həll olunmalıdır, o cümlədən də qanun məsələsi.
Xatırlatma
Avropa Şurası nəzdində Venesiya Komissiyasının Azərbaycanda qəbul olunan “Media haqqında” qanun barədə yekun rəyi açıqlanıb.
“Belə qənaətə gəldik ki, Azərbaycanda müstəqil jurnalistika və media üçün onsuz da son dərəcə məhdud məkanın mövcudluğu kontekstində bu qanun daha da “çəkindirici effekt”ə (chilling effect) malik olacaq. Bir çox müddəalar ifadə və media azadlığı ilə bağlı Avropa standartlarına uyğun gəlmir və mediaya “ictimai nəzarətçi” rolunu səmərəli şəkildə həyata keçirməyə imkan vermir,” Venesiya Komissiyasının açıqladığı sənəddə bildirilir.
Azərbaycanın rəsmi media təşkilatları Avropa Şurası Venesiya Komissiyasının “Media haqqında” qanuna verdiyi rəyi qəbul etmir.
Azərbaycan Medianın İnkişafı Agentliyi (MEDİA) Venesiya Komissiyasının Azərbaycanın “Media haqqında” qanununa dair rəyini tənqid edib.
Agentlik bildirir ki, qanun layihəsi KİV nümayəndələrinin və cəmiyyətin müxtəlif seqmentlərindən olan ekspertlərin iştirakı ilə dəfələrlə müzakirə olunub.
Qanun “təkcə ölkə daxilində deyil, həm də onun hüdudlarından kənarda” jurnalistlərin peşə fəaliyyətinin müdafiəsinə yönəlib.
“Media haqqında” yeni qanun haqqında
Ötən ilin dekabrın 30-da Azərbaycan parlamenti “Media haqqında” yeni qanunu qəbul edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu ilin fevralında yeni media qanununu imzalayıb.
Qanun media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir.
Sənəddə jurnalistlərin fəaliyyətinə dair məsələlər, o cümlədən Media Reyestrinə daxil edilmiş jurnalistlərə müvafiq vəsiqənin verilməsi, onlara bəzi imtiyazların müəyyənləşdirilməsi, dövlət qurumlarında jurnalistlərin akkreditasiya olunması qaydaları, jurnalistin peşəkar fəaliyyəti üçün şəraitin yaradılması və digər məsələlər əksini tapıb.
Sənəd yerli və beynəlxalq tənqidlərə səbəb olub. Azərbaycan mediasında çalışan bir sıra jurnalistlər parlamentin binası qarşısında deputatları qanuns səs verməməyə çağıran aksiyalar keçirib.