Amerikalıların 40 faizi abort hüququnu leqallaşdıran məhkəmə qərarının ləğvinə etiraz edir

Your browser doesn’t support HTML5

Amerikalılar onillərdir mübahisəli abort məsələsi və onun nə zaman və necə leqal olmalı olduğu ilə bağlı fikir ayrılığı yaşayırlar. ABŞ Ali Məhkəməsi ötən cümə günü 50 il öncə qəbul edilən Roe versus Wade qərarını ləğv edərək, Konstitusiyanın qadınları abort hüququ ilə təmin etmədiyinə qərar verdi. Bu qərar noyabr ayında ABŞ Konqresinə hansı partiyanın nəzarət edəcəyini müəyyən edəcək ara seçkilərə mühüm təsir göstərə bilər.

ABŞ tarixindəki ən əhəmiyyətli Ali Məhkəmə qərarlarından biri ... Roe v. Wade (Ro Veydə qarşı) məhkəmə qərarının ləğv edilərək, konstitusion abort hüququna son qoyulması və bununla bağlı qərarın ştatların ödhəsinə buraxılması Prezident Co Baydeni dərhal çağırış etməyə vadar etdi.

“Biz Roe qərarında qorunan məsələni ölkənin qanunu kimi bərpa etməliyik. Biz bunu edəcək rəsmilər seçməliyik. Bu payız Roe məsələsi seçkidə aktual olacaq. Fərdi azadlıqlar səsverməyə çıxarılacaq,” o dedi.

Onillər boyu abort hüququ ilə bağlı fikir ayrılıqları Demokrat və Respublikaçı seçiciləri səsvermədə iştirak etməyə həvəsləndirib. Donald Trampın 2016-cı ildə seçki vədlərindən biri Ali Məhkəməyə abort əleyhdarı hakimlər təyin etmək idi.

“Mən abort əleyhdarlarını məhkəməyə təyin edirəm – bununla bağlı qərar vermək səlahiyyəti yenidən ştatlara veriləcək,” sabiq prezident Donald Tramp demişdi.

Tramp prezidentliyi dövründə Ali Məhkəməyə üç hakim nominasiya edib – onların hər biri qanunvericilərə söz vermişdi ki, Roe v. Wade artıq kök salmış bir qərardır, ancaq buna baxmayaraq onlar bu qərarın ləğvində əsas rol oynadılar.

İndi ki, bu qərar ləğv olunub, mühafizəkar seçicilər hələ də seçkiyə getməyə həvəsli olacaqlarmı? Nümayəndələr Palatasının Respublikaçıları deyir ki, ştat səviyyəsində hələ çox mübarizə aparılmalıdır.

“Həyatları qorumaq işi hələ indi başlayır, çünki Ali Məhkəmənin Roe v. Wade-i ləğv etməsi, bu səhv məhkəmə qərarını düzəltməsi nəhayət ştatlara və Konqresə həyatarı bizim son 50 ildə edə bilmədiyimiz yollarla qorumağa imkan verir,” Respublikaçı konqresmen Stiv Skalis deyib.

Bu da Anna Lulis kimi gənc mühafizəkar seçiciləri həvəsləndirir...

“Bu, abort əleyhinə qanunları irəli sürmək üçün çox vacibdir. Roe-nun ləğv olunduğu Amerikada, böyük ehtimalla, ştatlar arasında qütbləşmə artacaq,” Amerikanın Həyat Tərəfdarı Tələbələri (Students for Life of America) təşkilatından Anna Lulis deyir.

Monmout universitetinin ötən ay yaydığı rəy sorğusunun nəticələrinə əsasən, Demokrat seçicilərin 48 faizi deyib ki, qarşıdan gələn ara seçkilərdə namizədlərin abort hüququları ilə bağlı mövqeləri çox önəmli bir məsələ olacaq.

Senatda çoxluq lideri Çak Şumer deyib ki, o, Respublikaçı qanunvericilərin aborta daha çox məhdudiyyətlər tətbiq etməyə çalışacaqlarını gözləyir.

“Ölkə boyu aborta qadağaların olmasını istəyirsinizsə daha çox MAGA Respublikaçılarını seçin, qadın və həkimlərin mühakimə olunmasını istəyirsinizsə, daha çox MAGA Respublikaçılarını seçin, təcavüz və ya insest qurbanı qadınları abort olmamağa məcbur etmək istəyirsinizsə, MAGA Respublikaçılarını seçin,” Senator Çak Şumer deyib.

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi isə deyib ki, Demokratların çoxluqlarını qoruyub saxlamaları çox vacibdir.

“Respublikaçılar ölkə boyu aborta qadağa tətbiq etməyi planlaşdırır. Onların bunu edə bilməsi üçün Konqresə çoxluğa sahib olmalarına imkan vermək olmaz. Amma onların məqsədi budur,” Pelosi deyib.

Bu məsələnin seçiciləri nə dərəcə həvəsləndirəcəyi hələ ki, aydın deyil. Məhkəmənin önündə abort hüquqları tərəfdarları daha çox Demokrat seçməyin bir dəyişikliyə səbəb olacağına şübhə ilə yanaşırdılar.

“Nəzəri cəhətdən, abort məsələsi səsverməyə qoyulur, ancaq reallıqda 60 Demokrat senator bu hüququn qalmasını təmin etmək məqsədilə filibasterə son qoymaq üçün həqiqətən addım atmağa hazır olmalıdır,” abort hüquqları tərəfdarı Annabell deyir.

Politico/Morning Consult-ın Ali Məhkəmənin qərarından sonra apardığı rəy sorğusunun nəticələri amerikalıların 40 faizinin abort hüququ təmin edən məhkəmə qərarının ləğvinə ciddi şəkildə qarşı olduğunu göstərir.