Azərbaycan quş qripi səbəbindən 70 ölkədən quşçuluq məhsulları qəbul etmir

Quş qripi ilə bağlı hazırda 70 ölkədən Azərbaycana quşçuluq məhsullarının gətirilməsinə məhdudiyyət var.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Heyvan sağlamlığı şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev bildirib.

Onun sözlərinə görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının Ümumdünya Ticarət Təşkilatı ilə razılaşmasına görə heyvan mənşəli məhsulların, o cümlədən də ətin dövriyyəsi onların verdiyi məlumata əsasən tənzimlənir.

"Məsələn, quş qripi ilə əlaqədar hazırda 70 ölkədən Azərbaycana quşçuluq məhsullarının gətirilməsinə məhdudiyyət tətbiq olunub. Amma burada bütün ölkə yox, ayrı-ayrı bölgələrin adları var. Hansı zonada xəstəlik aşkarlanıbsa, 10 kilometr ərazidə məhdudiyyət tətbiq edilir. Məhdudiyyətlərin müddəti də Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatlarına görə, tənzimlənir və 3 aydan 12 ayadək davam edə bilər" , o qeyd edib.

Rəsmi qurumların məlumatına görə, bu il ölkədə quş qripi aşkar edilməyib.

Xatırladaq ki, ötən il rəsmi qurumlar Azərbaycana əllidən çox ölkədən diri quş, quş əti və damazlıq yumurtanın idxalına məhdudiyyət tətbiq edib. Məhdudiyyət tətbiq edilən ölkələr sırasında Rusiya, Qazaxıstan, İran, Çin, ABŞ, Avstraliya, Almaniya, Fransa, ümumilikdə Avropa, Afrika, Asiya qitələrinin çoxsaylı ölkələri var.

Qeyd edək ki, Azərbaycanda ilk dəfə H5N1 yüksək patogen "quş qripi" 9 fevral 2006-cı ildə Abşeronda vəhşi quşlarda təsdiq edilib və vaxtaşırı özünü büruzə verib.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ölkədə 2006-cı ildə 5 nəfərin H5N1 quş qripi virusundan vəfat etdiyi təsdiq edilib. Təşkilat ölənlərin 4-nün Azərbaycanın cənub-şərq rayonlarından olduğunu bildirib.

2008-ci ildə Azərbaycanda qrip pandemiyasına hazırlıq üzrə Milli Plan qəbul edilib və Azərbaycanda "quş qripi" xəstəliyinin qarşısının alınması üzrə Dövlət Komissiyası tərəfindən təsdiqlənib.