Azərbaycanda təyyarə biletlərinin qiymətləri artmaqda davam edir

Bu ilin beş ayı ərzində Azərbaycan aviaşirkətləri yerli və beynəlxalq aviaşirkətlər vasitəsilə 610,4 min sərnişin daşıyıb ki, bu da 2021-ci ilin analoji dövrünün göstəricisindən 2,6 dəfə çoxdur.

Turan Agenliyi bildirir ki, 2020-ci ilin mart ayından tətbiq edilən məhdudlaşdırıcı tədbirlər nəticəsində itirilən hava məkanı mövqeləri hələ də bərpa olunmayıb.

"Müqayisə üçün qeyd edək ki, 2019-cu ilin ilk 5 ayında Azərbaycan aviaşirkətlərinin ("Azərbaycan Hava Yolları" QSC və "ASQ Biznes Avieyşn") xidmətindən 856,2 min sərnişin istifadə edib" - deyə, Dövlət Statistika Komitəsi bildirir.

Yəni üç il əvvəlki səviyyəyə çatmaq üçün aviaşirkətlərdə 254,8 min sərnişin çatışmır. Bu il sərnişinlərin 99,8%-i AZAL-ın, 0,2%-i isə "ASQ Biznes Avieyşn"in payına düşür.

Sərnişin axınının artması fonunda aviabiletlərin qiyməti də artır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ilin eyni dövrü ilə müqayisədə cəmi 5 ayda aviabiletlər orta hesabla 12,1 faiz, 2021-ci ilin yanvar-may aylarında isə aviabiletlərin qiymətləri 33,6 faiz bahalaşıb.

Qeyd edək ki, Azərbaycanın qonşu dövlətlərlə quru sərhədləri hökumət yanında Operativ Qərargahın qərarı ilə bağlıdır. Vətəndaşlar xaricə və geriyə səyahət etmək üçün yerli və xarici aviaşirkətlərin xidmətlərindən istifadə etməyə məcburdur.

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən isə 2022-ci ilin yanvar-aprel aylarında Azərbaycan Respublikasına dünyanın 151 ölkəsindən 330,6 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,0 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 26,2 faizi Rusiya, 25,3 faizi Türkiyə, 14,7 faizi İran, 6,1 faizi Gürcüstan, 3,2 faizi Ukrayna, 2,6 faizi Səudiyyə Ərəbistanı, 2,4 faizi Birləşmiş Ərəb Əmirlikləri, hər birindən 1,9 faiz olmaqla, Hindistan və Pakistan, 1,5 faizi Qazaxıstan, 1,3 faizi Küveyt, 1,2 faizi Böyük Britaniya, 11,7 faizi digər ölkələrin vətəndaşları olub. Gələnlərin 80,3 faizini kişilər, 19,7 faizini qadınlar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Omandan gələnlərin sayı 496,5 dəfə, Küveytdən - 138,4 dəfə, Səudiyyə Ərəbistanından - 138,3 dəfə, Bəhreyndən - 54,6 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən - 46,3 dəfə, Pakistandan - 30,4 dəfə, Hindistandan - 18,4 dəfə, İsraildən - 7,3 dəfə, ABŞ-dan - 5,9 dəfə, Qazaxıstandan - 4,1 dəfə, Fransadan - 3,5 dəfə, Almaniyadan - 3,4 dəfə, Ukraynadan - 2,5 dəfə, Böyük Britaniyadan - 2,3 dəfə, Türkiyədən - 1,9 dəfə, İrandan - 1,8 dəfə, Rusiyadan - 1,6 dəfə, Gürcüstandan - 14,4 faiz artıb.

2021-ci ilin yanvar-aprel ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,7 dəfə artaraq 16,0 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 2,6 dəfə artaraq 73,2 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,8 dəfə artaraq 110,7 min nəfər olub.

Ölkəyə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 52,0 faizi hava, 46,0 faizi dəmir yolu və avtomobil, 2,0 faizi isə dəniz nəqliyyatından istifadə edib.

2021-ci ilin yanvar-aprel ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 2,5 dəfə artaraq 400,2 min nəfər olub. İrana gedən Azərbaycan vətəndaşlarının sayı 4,7 dəfə, Türkiyəyə gedənlərin sayı 2,6 dəfə, Gürcüstana gedənlərin sayı 2,1 dəfə, Rusiyaya gedənlərin sayı isə 1,9 dəfə artıb. Ölkə vətəndaşlarının 45,5 faizi Türkiyəyə, 16,7 faizi Rusiyaya, 13,1 faizi İrana, 8,2 faizi Gürcüstana, 16,5 faizi digər ölkələrə səfər edib. Gedənlərin 67,1 faizini kişilər, 32,9 faizini qadınlar təşkil edib.

2022-ci ilin yanvar-aprel aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 56,7 faizi hava, 40,6 faizi dəmir yolu və avtomobil, 2,7 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Bununla yanaşı, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il sentyabrın 1-dək uzadılıb. Xüsusi karantin rejimi tətbiq edildiyindən 2020-ci ilin martından Azərbaycanın quru və dəniz sərhədləri insanların keçidi üçün bağlıdır. Rəsmi qurumlarr quru sərhdələrinin bağlı olduğu şəraitdə insanların dəmir yolu, avtomobil və dəniz nəqliyyatı ilə necə gedib-gəldinini izah etməyib.

Son aylarda koronavirusa yoluxma halları 20 nəfərədək azalıb. Çoxsaylı tənqidlərə baxmayaraq, ölkənin quru sərhədləri insanların keçidi üçün açılmayıb. Ekspertlər hesab edir ki, bu, hava nəqliyyatında qiymətlərin süni artırılması üçün edilir və monopolist şirkətlər dəstəklənir.