Artımda sosial xərclər cəmi 2 faizdir

Azərbaycan hökuməti 2022-ci ilin dövlət büdcəsini dəyişir. Milli Məclisə təqdim edilən layihədə büdcənin gəlir və xərclərinin artırılması nəzərdə tutulur. Mövcud sənəddə gəlirlər 26 milyard 816 milyon, xərclər 29 milyard 879 milyon manat proqnozlaşdırılıb.

Müzakirəyə çıxarılan layihədə isə gəlirlər 29 milyard 198 milyon, xərclər 32 milyard 304 milyon manat müəyyən edilib. Üstəlik, layihədə neftin bir bareli 50 dollardan 85 dollara qaldırılıb. Azərbaycan neftinin bir bareli hazırda 120 dollardan bahadır.

Beləliklə, xərclərin ümumilikdə 2.4 milyard manat (8 faiz) artırıldığı bir sənəddə sosial xərclər cəmi 519 milyon manat (2 faiz ) artırılır.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev "Turan"a bildirib ki, büdcədə götürülən neftin qiyməti sadəcə texniki parametrdir: "İstənilən halda bu pullar Azərbaycan iqtisadiyyatına gəlir. Onlar ya birbaşa büdcəyə gəlir, ya da qızıl rezervimizə daxil olur. Ehtiyac yaranarkən həmin pullar rezervdən büdcəyə köçürülür".

"Prioritet istiqamətlər…"

Komitə üzvü qeyd edib ki, prioritet istiqamətlər mövcuddur: "Bunlar müdafiə qabiliyyətinin, hərbi qüdrətin daha da artırılması, işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulmasıdır. Böyük qayıdış üçün infrastruktur layihələri həyata keçirilir. Ən vacib istiqamətlərdən biri də xalqın rifahının yaxşılaşdırılmasıdır".

Onun sözlərinə görə, Azərbaycan dövlət büdcəsi həmişə sosialyönümlü olub: "Büdcənin minimum 37 faizi sosial xərclərə yönəlir. Praqmatik tərəfdən baxanda əlavə vəsaitlərin bu cür bölünməsini doğru hesab edirəm, çünki prioritetlər var. Hamımız çox yaxşı başa düşürük ki, sülh müqaviləsi imzalanmayana, sərhədlərin delimitasiyası aparılmayana qədər biz ehtiyatlı davranıb müdafiə qabiliyyətimizi artırmalıyıq".

"Pensiyaların, maaşların artımına vəsait ayrılmayıb"

İqtisadçı Qubad İbadoğlu isə AzadlıqRadiosuna bildirib ki, yeni layihədə pensiyaların, müavinətlərin, maaşların artımına vəsait ayrılmayıb: "Əvvəlki büdcə proqnozu ilə müqayisədə gəlirlər 2 milyard 381.8 milyon manat və ya 8.9 faiz, xərclər isə 2 milyard 424.8 milyon manat və ya 8.1 faiz artırılır".
O qeyd edib ki, artımdan ən çox pay götürən müdafiə və investisiya sahəsidir: "Müdafiə və milli təhlükəsizlik xərcləri 13.2 faiz, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına ayrılan xərclər 21.4 faiz artırıldığı halda, sosial müdafiə və təminat xərcləri 2.4 faiz, təhsil xərcləri 0.06 faiz artırılır, səhiyyə xərcləri isə azaldılır".

Q.İbadoğlunun sözlərinə görə, belə bölgü əslində Əliyev hakimiyyətinin prioritetlərini göstərir: "Əgər şəffaf, hesabatlı xərcləmələr həyata keçirilsəydi, nə müdafiə və milli təhlükəsizlik xərclərinin, nə də işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasına, bərpasına ayrılan vəsaitlərin artırılmasının əleyhinə olardım. Lakin nəzərə almaq lazımdır ki, bu istiqamətlərə ayrılan vəsaitlər korrupsiyanın miqyaslarını artırır, onun inkişafına xidmət edir".