İyunun 18-də Müsəlman Birliyi Hərəkatının fəalı Nicat Əliyev Abşeron rayonunun Masazır qəsəbəsində polislər tərəfindən saxlanılıb.
Müsəlman Birliyi Hərəkatının məlumatına görə, Nicat ağır xəstə olan atasını xəstəxanadan evə gətirərkən evlərinin qarşısında saxlanılıb.
"Nicatın hazırda Sumqayıt şəhər Polis İdarəsində saxlanıldığını dedilər. Bizə bildirdilər ki, hakim olarsa bu gün məhkəməyə çıxarılacaq" , Nicat Əliyevin ailəsindən Amerikanın Səsinə deyiblər.
Bununla yanaşı, Sumqayıt şəhər Polis İdarəsinin növbətçi hissəsindən Amerikanın Səsinə Nicat Əliyevin bu polis idarəsi tərəfindən saxlanılmadığını bildiriblər.
Əliyevin saxlanılması ilə bağlı Daxili İşlər Nazirliyi və digər hüquq-mühafizə orqanları hələ məlumat yaymayıb.
Müşahidəçilər ehtimal edir ki, Nicat Əliyev Sumqayıtda bir sıra yerlədə divarlara "Allahı söyənlər cəzalandırılsın!" şüarı yazıldığına görə saxlanılıb.
Xatırladaq ki, 19 il həbsə məhkum edilən müsəlman Birliyi Hərəkatının lideri Tale Bağırzadə iyunun 3-də aclığa başlayıb. O, inanclı insanların məhkəməsini izləməyə gəlmiş şəxslərin tutularaq işgəncəyə məruz qalmasına etiraz və həmin şəxslərə işgəncə zamanı Allahı təhqir edən hüquq-mühafizə orqanlarının əməkdaşlarının üzr istəməsini tələb edir.