Məhkəmə jurnalistin şikayətini təmin etməyib

Səadət Cahangir

"Azadlıq" qəzetinin əməkdaşı Səadət Cahangir prokurorluğun onun ölkədən çıxışına qoyduğu qadağaya görə məhkəməyə üz tutub. Jurnalist deyir ki, heç bir cinayət işi üzrə şübhəli və ya təqsirləndirilən şəxs deyil, prokurorluğun onunla bağlı qərarı qanunsuzdur.

Jurnalist AXCP sədri Əli Kərimlinin həbsdə olan mühafizəçisi Niyaməddin Əhmədovun işi üzrə istintaqda şahid qismində dindirilmişdi. Həmin cinayət işi məhkəməyə göndərilib, hökm də çıxarılıb.

İyunun 17-də Binəqədi rayon Məhkəməsində jurnalistin şikayətinə baxılıb və ona "yox" deyilib. Səadət Cahangirin prokurorluğa qarşı şikayəti təmin edilməyib.

Prokurorluğun nümayəndəsi deyib ki, Əhmədovun işi məhkəməyə göndərilsə də, ondan başqa bir cinayət işi ayrılıb. Həmin iş isə hələ bağlanmayıb. Ona görə də Səadət Cahangirin ölkədən çıxış qadağası qalmalıdır.

Jurnalist isə bildirib ki, şahidə ölkədən çıxış qadağasının tətbiqi qanunda nəzərdə tutulmayıb.

O, əlavə edib ki, yerli məhkəmələr şikayətini təmin etməsə, bu məsələni Avropa İnsan Haqları Məhkəməsi müstəvisinə çıxaracaq.